Xəbər lenti

Rusiya, aclıqdan silah kimi istifadə etməyi dayandır! - Avropadan sərt ittiham
Dünya08:39 18.07.2023

Rusiya, aclıqdan silah kimi istifadə etməyi dayandır! - Avropadan sərt ittiham

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bazar ertəsi BMT Təhlükəsizlik Şurasının Ukraynadakı vəziyyətlə bağlı keçirilən iclasında Avropa ölkələri və digər dövlətlərin nümayəndələri Rusiyanı "taxıl sazişini uzatmaqdan imtina edərək yoxsul ölkələrin sakinlərinin həyatı ilə oynamaqda və aclığı siyasi alətə çevirməkdə” ittiham ediblər. 
Qaynarinfo xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Almaniyanın xarici işlər naziri Annalena Berbok BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edərək bildirib ki, Rusiya "taxıl sazişi”ndən çıxmaqla daha da çox insanı və uşaqları aclıqla hədələyir.
"Rusiya qlobal ərzaq böhranının alovuna benzin tökür. Nəticədə hər qitədə ailələr çətinliklə dolanır və uşaqlar hər gecə ac yatırlar. İndi Rusiya Qara Dəniz Taxıl Təşəbbüsündən çıxdığını elan etməklə daha da çox insanı və uşaqları aclıqla hədələyir. Ona görə də mən də başqaları kimi Rusiyanı aclıqdan silah kimi istifadə etməyi dayandırmağa çağırıram. Uşaq oğurlamağı dayandırın. Və insanlıq naminə Ukraynaya qarşı cinayətkar müharibənizi dayandırın!” – deyə Berbok Rusiyanın hərəkətlərinə sərt reaksiya verib. 
Aİ-nin BMT-dəki Nümayəndəliyinin rəhbəri Olof Skooq Rusiya qidanı silaha çevirməkdə ittiham edib. 
"Dünya üçün təsirlərini nəzərə alaraq, biz Rusiyanın Qara Dəniz Taxıl Təşəbbüsünü birtərəfli qaydada ləğv etmək qərarını pisləyirik [...] Təşəbbüsün dayandırılması dünya bazarlarında böyük qeyri-müəyyənlik yaradır, ərzaq idxal edən ölkələrdəki ağır vəziyyəti daha da gərginləşdirir və ən yoxsullara və ən həssaslara zərbə vurur. Rusiya 258 milyon insanın aclıq təhlükəsi ilə üzləşdiyi bir vaxtda qidanı silaha çevirməyə və qlobal ərzaq təhlükəsizliyini sarsıtmağa davam edir. Bu, son dərəcə məsuliyyətsizlikdir”, - Aİ-nin BMT-dəki Nümayəndəliyinin rəhbəri bildirib.
Öz növbəsində Polşanın xarici işlər naziri də Rusiyanın Qara Dəniz Taxıl Təşəbbüsündən çıxmağını sərt tənqid edib.
"Rusiyanın bütövlükdə sazişdən birtərəfli şəkildə çıxması bir şey deməkdir: Rusiya qlobal Cənubun ən ehtiyaclı və həssas ölkələri və cəmiyyətlərinə qarşı iqtisadi təcavüzü bərpa etməklə Ukraynaya qarşı imperialist müharibəsinin alovunu daha da qızışdırmaq qərarına gəlib”, - polşalı nazir vurğulayıb. 
Xatırladaq ki, təxminən bir ilə yaxındır mövcud olan Qara Dəniz Taxıl Təşəbbüsü və ya Türkiyə, BMT, Ukrayna və Rusiyanın iştirak etdiyi "taxıl sazişi” Ukraynanın Qara dəniz limanlarından Ukrayna kənd təsərrüfatı məhsullarının ixracının təhlükəsizliyini təmin edib. İyulun 17-də onun müddəti bitib və Rusiya rəsmi olaraq onu yeniləməkdən imtina edib. 
Nizami Bağırov