Rusiya artıq NATO ölkəsinə də raket zərbələri endirməyə başlayıb. Belə ki, Rusiyanın ötən gün Ukraynaya atdığı çoxsaylı raketlərdən ikisi Polşa ərazisinə düşüb. Mərmilər Ukrayna ilə sərhəddə yerləşən Pşevodov kəndindəki fermaya tuş gəlib. Nəticədə iki dinc sakinin öldüyü bildirilir.
Bəzi məlumatlarda həmin raketlə Avropa Birliyindən Ukraynaya elektrik enerjisi verən magistral xəttin vurulduğu bildirilir. Bu isə onu göstərir ki, Kreml Ukraynanın enerji infrastrukturunu məhv etməyi düşünür. Yəni, Rusiyanın bu hərəkəti heç də onun NATO-nu da müharibəyə cəlb etmək niyyətindən qaynaqlanmır. Moskvada da yaxşı anlayırlar ki, NATO-nun birbaşa müharibəyə cəlb olunması Rusiyanın məğlubiyyətini daha da sürətləndirəcəklər. Bu səbəbdən də atılan raketdə məqsədin məhz magistral xətti dağıtmaq olduğu barədə səslənən versiya daha məntiqlidir.
Yaranmış vəziyyətlə bağlı olaraq Polşa hökuməti Milli Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb. Polşa Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilir ki, faktla bağlı Rusiyanın Varşavadakı səfiri Sergey Andreyev izahat üçün nazirliyə çağırılıb. Polşa Prezidenti Anjey Duda hadisə ilə bağlı açıqlama verib. Prezident bildirib ki, NATO döyüşə hazır vəziyyətdədir: "Bu gün söhbət etdiyim bütün liderlər 5-ci maddə daxil olmaqla nizamnamənin bütün müddəalarına hörmətlə yanaşaraq məni müttəfiq dəstəyində əmin ediblər. Bu məsələni birlikdə müzakirə edəcəyik”.
O qeyd edib ki, Polşa silahlı qüvvələrinin, o cümlədən hava hücumundan müdafiə sisteminin hazırlığı artırılıb: "Təyyarələrimiz müttəfiqlərin təyyarələrini dəstəkləyəcək. Biz sakit və hesablı şəkildə davranırıq”.
Eyni zamanda, Polşa lideri raketin kimin buraxdığına dair qəti sübutun olmadığını açıqlayıb: "Faktla bağlı araşdırmalar aparılır. Çox güman ki, bu, Rusiya istehsalı olan raket idi”.
Polşalı ekspertlər yaranmış vəziyyətdə NATO nizamnaməsinin 5-ci bəndinin icrasının gündəmə gələ biləcəyini istisna etməyiblər. Qeyd edək ki, bu bənd üzv dövlətlərin ərazisinin bütün Alyans dövlətləri tərəfindən birgə müdafiəsini nəzərdə tutur. Moskvanın bu addımı fonunda NATO-nun adekvat addım atacağı elə də ağlabatan deyil. Amma bu hadisə ABŞ başda olmaqla NATO-nun Ukraynaya daha ən güclü müasir silahları verməsini sürətləndirəcək. Bu istiqamətdə həmin ana qədər gözləmə mövqeyi tutan qurumdakı bəzi üzvlərin tərəddüdünə son qoyacaq. Rusiya tərəfi isə səhvi boynuna alıb, ən azından üzr istəmək əvəzinə, baş verən təxribatı yenə də Kiyevin üzərinə atıb.
Bu gün Polşanın tələbi ilə NATO səfirləri Alyansın nizamnaməsinin 4-cü maddəsi əsasında iclas keçirməlidir. Bu maddə NATO üzvü olan ölkələrdən biri onun ərazi bütövlüyü, siyasi müstəqilliyi və ya təhlükəsizliyinin təhdid altında olduğunu hesab edərsə, tərəflərin məsləhətləşmələr aparmasını nəzərdə tutur.
Ukrayna Prezidenti Volodimir Zelenski isə Rusiyanı NATO üzvü olan Polşaya raket zərbəsi endirməkdə ittiham edib: "Bu, Rusiyanın kollektiv təhlükəsizliyə raket hücumudur. Bu, çox əhəmiyyətli eskalasiyadır. Hərəkət etmək lazımdır".
Politoloq Zərdüşt Əlizadə Qaynarinfo-ya açıqlamasında bildirib ki, Rusiyanın addımına cavab olaraq NATO sadəcə nota verməklə kifayətlənəcək və onların cavab tədbiri bundan o yana keçməyəcək:
"Rus raketləri dəqiq silahlar deyil. Bu da rus silahının texnoloji baxımdan geridə qalması, müasir tələblərə cavab verməməsinin nəticəsidir. Odur ki, rus təbliğatı yüksək dəqiqliyilə seçilən silahlardan danışanda nağıl olduğu üzə çıxır. Amma Rusiyanın Ukraynaya atdığı raketlərdən bəzilərinin NATO üzvü olan Polşaya düşməsinə rəğmən, Qərb dövlətlərinin şimal ölkəsinə qarşı hər hansı bir adekvat cavabı olmayacaq. Qərb sadəcə sakit dayanıb prosesi izləməkdə davam edəcək. Qərbdə bilirlər ki, onların istənilən addımı Rusiyanın cavab addımı ilə qarşılaşacaq. NATO sadəcə Rusiyaya etiraz etməklə kifayətlənəcək”.
Həmsöhbətimiz bu qənaətdədir ki, yaranmış vəziyyətdə belə NATO Ukraynaya 400-500 km-lik məsafəni vuran raketləri verməyəcək:
"Çünki onların məqsədi Ukraynanın qələbəsi deyil. Məqsədləri Ukrayna, xüsusən də Rusiyanı taqətdən salmaqdır. Bu məqsədlərinə də nail olmaq üzərədirlər. Çay qaşığı ilə Ukraynaya silah verirlər ki, onlar məğlub olmasın. Eyni zamanda, Rusiyanın Ukrayna ərazisini virana qoymasına soyuqqanlıqla tamaşa edirlər. Qərbə Ukrayna-Rusiya müharibəsinin davam etməsi sərf edir”.
Rüfət Sultan