Qabil Hüseynli: “Kreml dovşana qaç, tazıya tut deyir”
Rusiya Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həll edilməsi üçün səylərini artırıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanda erməni həmkarı Edvard Nalbandyanla görüşündə bildirib ki, ölkəsi münaqişənin sülh yolu ilə həllində maraqlıdır. Azərbaycanlı ekspertlər isə münaqişənin danışıqlar yolu ilə həllinin mümkünsüz olduğunu, bunun Rusiya tərəfinə də bəlli olduğunu deyirlər. İddialara görə, danışıqlar prosesini uzatmaqla Rusiya Ermənistana vaxt qazandırmaq və bu zaman kəsiyində Ermənistanı silahlandırmaq istəyir. Artıq müəyyən qədər hərbi texnika düşmən ölkəyə göndərilib. Başqa bir ehtimal isə odur ki, Rusiya münaqişəni Azərbaycanın maraqları çərçivəsində həll etdikdən sonra ölkəmizdən KTMT-yə və Avrasiya İqtisadi Birliyinə, eləcə də Gömrük İttifaqına qoşulmağı istəyə bilər. Həmçinin Lavrovun planlarının tərkibində Qarabağ ərazisinə rusiyanın sülhməramlılarının yerləşdirilməsi də daxildir. Rusiyanın istəklərindən biri də bu ola bilər.
Bəs, görəsən əslində, Rusiya münaqişəsinin müsbət yöndə həlli üçün Azərbaycandan nə istəyir? Danışıqlar prosesinin gizli gündəmi nədir?
Politoloq Qabil Hüseynlinin “Yeni Müsavat”a verdiyi açıqlamaya görə, artıq prosesdən məlum olur ki, bu məsələnin ictimaiyyətə məlum olmayan pərdəarxası məqamları var: “Çünki Lavrov danışıqlara gələrkən söyləyirdilər ki, o əlidolu gəlir. Ancaq o, İrəvandan çox üzgün halda gəldi. Mənim fikrimcə, o əvvəlcədən planlaşdırılmış bir ssenarinin tərkib hissəsini icra etdikdən sonra geriyə qayıtdı. Çünki, o elan edildiyi kimi İrəvanda müəyyən məqamları razılaşdırıb Bakıya gəlməli idi. Lakin Bakıya gəlmədi. İrəvanda isə Sərkisyanın süni şəkildə təşkil etdiyi mitinqlər oldu. Ardınca Nalbandyan bildirdi ki, sülh danışıqları baş tutmur, Ermənistan tərəfi torpaq qaytarmağa razı deyil. Bu çox həyasız bir bəyanat idi. Lavrov İrəvana gəlməzdən öncə bildirmişdi ki, Rusiya ciddi şəkildə prosesə nəzarət edir. Ancaq Putinin hansı addımlar atacağını, nə söyləyəcəyini proqnozlaşdırmaq çətindir. Hər halda danışıqlar prosesinin dalana dirəndiyini söyləmək olar. Müharibə variantı gündəmdədir.
Rusiyanın tələblərinə gəlincə, onlar Azərbaycanın Avrasiya İttifaqına və Gömrük ittifaqına qoşulmağını istəyir. Lakin bu müəyyən şərtlər daxilində baş tuta bilər. Azərbaycanın bu iki təşkilatdan heç birinə üzv olmaq niyyəti yoxdur. Azərbaycanın ərazi bütövlüyü təmin ediləcəyi təqdirdə Rusiya ilə bu məsələlər ətrafında danışıqlara gedə bilər. Ancaq hazırda heç bir problem həll olunmayıb və Azərbaycanda da bu məsələni müzakirə etmir. Mən gözləmirəm ki, bu məsələdə Rusiya nə zamansa Azərbaycanın maraqlarından çıxış etsin. Bu heç zaman baş verməyəcək”.
Politoloqun sözlərinə görə, Lavrov danışıqlar prosesi baş tutmaması görüntüsünü yaratdıqdan sonra Rusiya “taym-aut” götürdü və bundan istifadə edib Ermənistanı silahlandırmağa başlayacaq: “Ermənistana artıq 15-dən çox helikopter və digər texnika göndərilib. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iclasında isə Ermənistanın sürətlə silahlandırılması haqqında qərar qəbul edilib. Bütün bunlar onu göstərir ki, Rusiya dovşana qaç, tazıya tut deyir. Yəni, Ermənistanı müharibəyə hazırlayır. Ən azından görüntü belədir. Azərbaycan yenə də Rusiya ilə bu mövzuda danışıqlara gedəcək. Lakin konkret nəticəyə gəlmək mümkün olmasa, Azərbaycan siyasətini başqa səmtə çevirəcək. ABŞ və Qərb də hazırda prosesə qoşulub. Dağlıq Qarabağ problemi hazırda beynəlmiləl məsələyə çevrilib. Bütün dünyanın enerji, nəqliyyat təchizatçılarından biri kimi, dünyanın diqqəti Cənubi Qafqazda , o cümlədən Azərbaycandadır. O baxımdan Rusiya necə istəyirsə, bu münaqişəni o cür həll etsin deyə razılığa gəlmək olmaz”.
Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsinin üzvü Zahid Oruc “Yeni Müsavat”a açıqlamasında danışıqlar prosesinin pərdəarxası məqamlarına toxundu: “Son 4 günlük müharibə regionun geopolitikasına da çox ciddi dəyişikliklər yaratmaqdadır. Ermənistanda mitinq keçirən insanların Avropaya inteqrasiya, ölkələrinin NATO-ya daxil olması, Rusiyanın vassallığından çıxması, öz iqtisadi maraqlarını müəyyənləşdirməsi və sair tələblərini ortaya qoyurlar. Bir çoxlarına belə gəlir ki, Azərbaycan-Rusiya münasibətləri heç zaman belə yaxşı olmayıb və bu özlüyündə müəyyən siyasi qərarlara da yol aça bilər. Onlar hətta bizim çox rahat şəkildə Avrasiya İqtisadi Birliyinə daxil ola biləcəyimizdən də danışırlar. Düzdür, mən bu təşkilata üzvlüyü ölkənin müstəqilliyini itirməsi kimi dəyərləndirənləri də anlamıram.
Lavrovun İrəvana səfəri zamanı bağlı qapılar arxasında hansı danışıqların aparılması əsas suallardan biridir. Mən detalları bilməsəm də 3 məqam Lavrovun səfərindən sonra yenidən narahatlıq doğurmağa başladı.
Birinci ondan ibarətdir ki, 1995-96-cı illərin atəşkəs sənədləri Rusiya rəsmiləri tərəfindən təkrar gündəmə qaytarıldı. Bunun səbəbi nədir? Səbəb odur ki, orada Dağlıq Qarabağ qondarma respublikasının nümayəndəsinin imzası var idi. Halbuki bu sənədin beynəlxalq hüquqi dildə adı heç saziş də deyil, sadəcə ümumi razılaşma idi. burada heç bir imzalama mərasimi olmamışdı ki, rəsmi müqavilə hesab olunsun”.
Zahid Orucun sözlərinə görə, Rusiya ermənistanı silahlandırmaq məqsədilə prosesi uzatmağa çalışır ki, 7 rayonun qaytarılması məsələsi də sadəcə bu yanıltmalardan biridir: “İkinci bir sual odur ki, niyə Sergey Lavrov İrəvandan Angela Merkelə səsləndi və bəyan elədi ki, o gəlib buradakı prosesi müşahidə altında saxlasın. Düzdür, bu məsələni azərbaycan mediası diqqətdən qaçırdı. Ancaq vəziyyət həqiqətən təhlükəlidir. İki ilə yaxındır ki, erməni tərəfi təmas xətti boyunca xüsusi qüvvənin yerləşdirməsini tələb edir ki, onlar atəşin hansı tərəfdən açıldığını müəyyən etsinlər. Bunu Lavrovun dilindən eşitmək çox məyusedici idi. Bu o deməkdir ki, Ermənistan tərəfi cəbhə xəttində yerləşdirdikləri müşahidə kameraları ilə dünyaya car çəkəcəklər ki, Azərbaycan erməni tərəfinə güllə atıb. Yəni, işğal çox sadə bir hərəkətdir, bizim güllə atmağımız isə cinayətdir. Burada məqsəd Qərbin Azərbaycana təzyiq etməsinə nail olmaqdır ki, biz bir güllə belə atmayaq.
Üçüncü məsələ isə odur ki, Ermənistan Azərbaycanla danışıqlara xüsusi bir şərtlə gəlir ki, guya biz Dağlıq Qarabağı yenidən danışıqların predmetinə çevirəcəyik. Halbuki bu yolverilməzdir, çünki bundan sonrakı dövrdə bizim Dağlıq Qarabağı bir tərəf kimi danışıqlar prosesində qəbul etməyimiz mümkün deyil.
Mənə elə gəlir ki, Rusiyadan Azərbaycanın xeyrinə verilən informasiyalar bizim cəmiyyəti sakitləşdirmək üçündür. Yəni, 5 rayonun qaytarılması, 7 rayonun qaytarılması cəmiyyətdə sanki arxayınlıq yaratsın, Ermənistana “taym-aut” verilsin və bu müddətdə Rusiya onları silahlandırsın. Lakin Azərbaycan cəmiyyətinə nə qədər vəd verilsə də, onlar Rusiyanın xarici işlər nazirindən Qarabağı gözləmir. Azərbaycanlılar Qarabağı öz ölkələrinin ali baş komandanı və Müdafiə Nazirindən gözləyir”.
Parlament üzvü əmindir ki, hazırki dövrdə Qarabağ məsələsinin siyasi həlli yolu yoxdur: “Azərbaycan mediası bir məsələnin də üzərindən keçdi və xüsusi qabartmadı. Bu da o idi ki, ayın 13-də Rusiya XİN ATƏT-ə və Azərbaycan nümayəndəliyinə bir məktub göndərib ki, atəşkəsi pozmaq lazım deyil. Ola bilər, bu nota xarakteri daşımadığı üçün mətbuatın diqqətindən kənarda qalıb. Ancaq hər halda bu sənədin göndərilməsi də xeyli sual doğurur. Ona görə də, bizim üçün ermənilərin tələblərinə baxmadan, Rusiya ilə münasibətlərimizi yaxşı saxlayaraq. ələ olunmuş hərbi uğurlarımızı qorumaq üçün ikitərəfli danışıqların nəticələrindən daha çox başqa müstəvidə bu məsələni həll etməyə çalışmalıyıq. Bir daha deyirəm ki, diplomatiyadan Qarabağı gözləməyə dəyməz. Qarabağ məsələsinin siyasi motivlərlə həlli üçüncü dairələrin xeyrinə olacaq, Azərbaycanın və Ermənistanın yox”.
Qaynarinfo.az