Erməni polittexnoloq Viqen Akopyan bildirir ki, Ermənistan baş naziri Nikol Paşinyan Şərq İqtisadi Forumunda Rusiya Prezidentilə görüşündə əsasən Azərbaycanla imzalanacaq gələcək sülh müqaviləsini müzakirə edib. Erməni ekspertinin fikrincə, Moskva İrəvanın sülh müqaviləsinin imzalanması istiqamətində fəaliyyətindən narazıdır. Onun fikrincə, Moskva düşünür ki, İrəvan "qırmızı xətti” keçib.
Polittexnoloq düşünür ki, İrəvan Qərblə hansısa məsələdə razılığa gəlməklə Moskvanın vasitəçiliyilə əldə olunan razılıqlara zidd gedib: "Çətin ki, Rusiya Federasiyası sülh müqaviləsinə Dağlıq Qarabağın statusu məsələsinin daxil edilməsində maraqlı olsun. Rusiya Federasiyası ilə Qərb arasında əsas fikir ayrılıqları məhz bundadır. Qərb bu məsələyə aydınlıq gətirməyə üstünlük verir. Bu halda Qarabağda sülhməramlıların olması böyük sual altında qalacaq. Bu şəraitdə Moskva böyük ehtimalla hesab edir ki, Ermənistan rəhbərliyi Qarabağın statusu məsələsini sülh müqaviləsi çərçivəsində həll etməyə tələsir və bununla dolayısı ilə Rusiyanın maraqlarına ciddi geosiyasi zərbə vurur”.
Mövzu ilə bağlı Qaynarinfo-ya açıqlama verən politoloq Zərdüşt Əlizadə bildirir ki, Rusiya Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasında maraqlı deyil:
"Bununla da Moskva münaqişənin bitməməsində, Azərbaycanla Ermənistanın daim düşmən mövqedə qalmasında və bundan da istifadə edərək rus qoşunlarının Qarabağda uzun müddət qalmasında maraqlı olduğunu göstərir. Bu yolla Moskva istəyir ki, Azərbaycan da məcbur olub sülhməramlı qüvvələrin möhlətinin uzadılması barədə müqavilə imzalasın, rus qoşunlarına beynəlxalq sülhpərvər qüvvə kimi mandat versin. Ona görə də Kreml həmişəki kimi təxribatçı rolunu davam etdirir.
Moskva tərəflər arasında qarşıdurmanın olmasını istəyir. Çünki bundan fayda götürür. Azərbaycan və erməni xalqlarına isə bu lazım deyil. Tərəflər ümumi dil tapıb, hansısa vahid mövqedən çıxış etməyi bacararsa, heç bir Moskva tərəflərə şərtlərini diktə edə bilməz. Bunun üçün bir-birimizə inanmalı, vahid mövqedən çıxış etməliyik. Bu baş verərsə, nə Qarabağda rus qoşunu qalar, nə də Moskva Ermənistana təzyiq edə bilər”.
Rüfət Sultan