Dünya 13:00 03.02.2023

Rusiya banklarına qarşı sanksiyalara Çin, Türkiyə və BƏƏ də qoşulub

Rusiyanın "dost” hesab etdiyi ölkələr gözləntilərin əksinə olaraq, bu ölkənin banklarına qarşı Qərbin sanksiyalarına tam qoşulublar. 

Qaynarinfo RBC-ya istinadən xəbər verir ki, bu barədə "Kommersant”ın konfransında "Rosbank”ın vitse-prezidenti Aleksandr Raxmanin bildirib.

Onun sözlərinə görə, Çin, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və hətta postsovet respublikalarından, o cümlədən Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistandan olan "həmkarlar” məhdudiyyətlərə məruz qalan Rusiyanın kredit təşkilatları ilə işləməkdən imtina edirlər.

Raxmanin bildirib ki, Rusiyaya kömək etmək istəyənlərin Çində növbəyə düzüləcəyinə dair gözləntilər puç olub: Ən böyük dövlət bankları - "Bank of China", ICBC, "China Construction Bank" sanksiyaya məruz qalan Rusiya Federasiyasından olan banklardan ödənişləri qəbul etməkdən imtina etdilər. 

Yuanla ticarət etməklə məhdudiyyətlərdən yan keçmək də həmişə mümkün olmur. "Bütün (Çin) ödəniş infrastrukturu SWIFT-ə yönəlib. Əgər Rusiya bankı sanksiya və ya sanksiyalaşdırılmamış səbəblərə görə SWIFT-dən ayrılırsa, o zaman müvafiq olaraq, onun transsərhəd ödənişlərə çıxışı dayandırılır”, deyə top-menecer izah edib.

Türkiyə bankları da sanksiyalara ciddi əməl edir: Qara siyahıya salınmış Rusiya bankları üçün lirə ilə müxbir hesablar açmaqdan imtina edirlər. 
"Rusiya bank sektorunun əhəmiyyətli hissəsinin bu və ya digər şəkildə sanksiyalardan təsirləndiyini nəzərə alsaq, açığını desək, yalnız ikinci dərəcəli bankların Türkiyə bankları ilə işləmək imkanı var”, deyə Raxmanin bildirib.

Rusiya şirkətlərinin sanksiya məhdudiyyətlərindən gizlənmək üçün bizneslərini kütləvi şəkildə köçürdüyü BƏƏ-də də problemlər yaranır. Yerli tənzimləyici "Rusiya ilə ticarətdə, məsələn, ABŞ dollarını dirhəmlə tam əvəz etməyə imkan vermir", deyə Raxmanin qeyd edib.

Onun sözlərinə görə, oxşar problemlər qazax təngəsi, özbək sumu, qırğız somu və tacik somanisi ilə də mövcuddur.

Qeyd edək ki, Ukraynanın işğalından sonra 20-dən çox Rusiya bankı Qərbin sanksiyalarına məruz qalıb və onlardan 9-u, o cümlədən "Sberbank", VTB, BEB, "Otkritie" və "Rosselxozbank" SWIFT-dən ayrılıb.

Nizami Bağırov