Böyük Britaniya daxili kəşfiyyat xidməti MI5-in rəhbəri Ken Makkallum ötən ilin oktyabr ayında verdiyi açıqlamada Rusiya kəşfiyyatının Böyük Britaniya və Avropada xaos yaratmağa çalışdığını bildirmişdi. İndi isə Rusiya ilə əlaqəli olduğu iddia edilən "Telegram" kanallarının Böyük Britaniyada məscidlərə və müsəlmanlara qarşı zorakılığa təhrik etdiyi və bu hücumları həyata keçirənlərə kriptovalyuta mükafatları vəd etdiyi iddia olunur.
Məscidlərə qarşı təxribat və kriptovalyuta mükafatları
Qaynarinfo xəbər verir ki, Britaniya kəşfiyyatı və təhlükəsizlik qüvvələri, bu "Telegram" kanallarının Londonun şərq və cənub bölgələrində məscidlərə və məktəblərə İslamofobik divar yazıları (qrafiti) yazan şəxslərlə əlaqəli olduğunu bildirir. Hadisələrin polis tərəfindən araşdırıldığı qeyd edilir.
Bu kanallardan birində yayımlanan mesajda belə yazılıb: "Məscidlərin üzərinə ən yaxşı qrafitini çəkənlər hərəkatımızdan mükafat alacaq. 100 funt sterlin dəyərində istənilən kriptovalyuta veriləcək".
Bundan əlavə, eyni qrupların bomba hazırlama təlimatlarını və 3D printerlə çap edilə bilən silah dizaynlarını paylaşdığı ortaya çıxıb. Küçələrdə bu "Telegram" kanallarına yönləndirən QR kodlu posterlərin və əlaqəli "TikTok" hesablarının yayıldığı bildirilir.
Təhlükəli dönüş: Bıçaqlı hücum çağırışları
Son həftələrdə bu qrupların üslubunda nəzərəçarpacaq bir dəyişiklik müşahidə edilib. Əvvəllər yalnız qrafiti çəkilməsini təşviq edən mesajlar paylaşan qrupların indi açıq şəkildə bıçaqlı hücumlara çağırış etdiyi qeyd olunur.
İfrat sağ qrupları izləyən "Hope Not Hate" təşkilatı bu qrupların fəaliyyətlərini və onların Rusiya ilə mümkün əlaqələrini əks etdirən hesabatı Böyük Britaniya terrorla mübarizə polisi və Daxili İşlər Nazirliyinə təqdim edib. Təşkilat bu şəbəkənin digər ekstremist "Telegram" qruplarından daha ciddi bir təhlükə yaratdığını bildirir.
Eyni zamanda, "Community Security Trust" (CST) və "Tell Mama" kimi nifrət cinayətlərini izləyən təşkilatlar da bu "Telegram" kanallarının və onların Rusiya ilə əlaqələrinin ciddi narahatlıq doğurduğunu vurğulayıb.
Böyük Britaniyada İslamofobik hücumlar artır
Bu hadisələr Böyük Britaniyada İslamofobik hücumların sürətlə artdığı bir dövrə təsadüf edir. 2024-cü ildə İslam əleyhinə hücumların 73% artdığı qeyd olunur. Ötən həftə Londonda bir məscidin qarşısına saxta bomba qoyulması cəmiyyətdə ciddi narahatlığa səbəb olub.
"Terror aktlarına təhrik edirlər"
Bəzi ekspertlər Rusiyanın Qərbi Avropada sosial sabitliyi pozmaq üçün etnik və dini gərginlikləri qızışdıran rəqəmsal kampaniyalar apardığını düşünür. MI5 rəhbəri Ken Makkallum ötən ilin oktyabr ayında verdiyi açıqlamada, "Rusiya Böyük Britaniya və Avropa küçələrində daimi xaos yaratmağı hədəfləyir", demişdi.
"Hope Not Hate" təşkilatının tədqiqatçılarından Qriqori Deyvis bu "Telegram" şəbəkəsinin Britaniyada cinayət törətməyə meyilli şəxslərlə birbaşa əlaqə qurduğunu və onları zorakılığa sövq etdiyini düşünür. Deyvis bildirib: "Bu şəbəkəni idarə edənlər aşırı sağçılarla müxtəlif üsullarla əlaqə qurur və onları terror aktları törətməyə təşviq edirlər".
Böyük Britaniya DİN: "Milli təhlükəsizliyi ciddi qəbul edirik"
Böyük Britaniya Daxili İşlər Nazirliyinin sözçüsü bildirib: "Milli təhlükəsizlik hökumətimizin əsas prioritetlərindəndir. Cəmiyyətin təhlükəsizliyinə yönəlmiş hər hansı bir təhdidi son dərəcə ciddi qəbul edirik. İnternetin nifrət yayanlar üçün təhlükəsiz bir platformaya çevrilməsinə icazə verməyəcəyik. Buna görə də onlayn təhlükəsizlik qanunlarını sürətlə qüvvəyə mindiririk".
"İddialar çox ciddi və xarici müdaxiləyə işarə edir"
İşçi Partiyasının deputatı Stella Krisi seçildiyi Valthamstov bölgəsinin hədəfə alındığını bildirərək deyib: "Bu iddialar çox ciddi və xarici müdaxiləyə işarə edir. Həm onlayn, həm də real mühitdə cəmiyyəti parçalamağa yönəlmiş bir cəhd olduğu açıq görünür".
Londondakı Leyton və Vansted bölgəsinin deputatı Kalvin Beyli isə qeyd edib: "Bu hadisələr Rusiyanın demokratiyanı sarsıtmaq üçün aşırı sağçı nifrət siyasətini dəstəklədiyini göstərir. Bölgəmizin bu plandan təsirlənməsi dəhşətvericidir".
"Tell Mama" təşkilatının rəhbəri İman Atta isə hadisələrin Ramazan bayramı ərəfəsində baş verdiyini bildirərək, "Müsəlman icması arasında ciddi narahatlıq var", deyib.
Rusiya əlaqəsini göstərən sübutlar
Rusiya ilə əlaqəyə dair ən diqqətçəkən sübutlardan biri "Telegram" qruplarından birinin administratorunun "X" platformasında paylaşdığı bir ekran görüntüsü olub. Bu görüntüdə hesabın dil ayarının rusca olduğu və saat qurşağının Rusiya və Belarusda istifadə edilən GMT+3 formatında olduğu müəyyən edilib.
Bundan əlavə, bəzi mesajların Kiril əlifbasında yazıldığı və məzmunun ehtimal ki, rus dilindən tərcümə edildiyi aşkar edilib. Həmçinin, ən aktiv iki istifadəçinin həm Britaniyadakı ifrat sağçı söhbət qruplarında, həm də Putin tərəfdarı və Ukrayna əleyhinə "Telegram" kanallarında rusca mesajlar paylaşdığı müəyyən olunub.
Bir qrup administratorunun 19 noyabr tarixində ukraynalılara qarşı təhqiramiz bir mesaj paylaşdığı, lakin bir neçə həftə sonra Şeffild və ya Roterham bölgələrində yaşayan birindən "yardım" müqabilində ödəniş etməyə hazır olduğunu bildirdiyi üzə çıxıb. Mesajda "Salam dostlar, Şeffild və ya Roterhamda olan varmı? Yardıma ehtiyacım var, ödəniş etməyə hazıram... Həqiqətən yardıma ehtiyacım var", yazıldığı görülüb.
Bundan əlavə, qruplarda "kütləvi Quran yandırma" aksiyaları barədə açıq müzakirələrin aparıldığı və bəzi istifadəçilərin yanğın törətmə, turşu hücumları və əl istehsalı bombalar üzərində təcrübələr apardıqlarını göstərən videolar paylaşdıqları bildirilir.
Böyük Britaniya hüquq-mühafizə orqanları bu iddiaları araşdırır və terror təhdidinin qarşısını almaq üçün tədbirlər görməyə davam edir.
Aydın
Şərhlər