Dünya 19:09 15.05.2023

Rusiya Çinin çətiri altına girəcəkmi? - Politoloq

"Moskva Çinin maraqları çərçivəsində və onun orbiti ətrafında fırlanmaq məcburiyyətindədir”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Fransa prezidentinin Rusiyanın Çinin vassalına çevrildiyi barədə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib. Politoloq bildiri ki, hazırda Rusiyanın ən böyük ticarət tərəfdaşı Çindir:

"Bu gün Rusiyanın qlobal səviyyədə müdafiə olunması üçün ciddi müttəfiqi yoxdur. KTMT əldəqayırma qurumdur və formal olaraq fəaliyyət göstərir. Rusiya olmasa belə bir təşkilatın ümumiyyətlə fəaliyyəti olmayacaq. Hazırda Rusiyanın ən böyük ticarət tərəfdaşı Çindir. Çin Rusiyanın enerji daşıyıcılarının əsas hissəsini alır. Bu isə hazırkı iqtisadi sanksiyalar fonunda Rusiya üçün ciddi oksigendir. 

Çin təkzib etsə də, əminəm ki, Rusiyanın müdafiə sənayesi üzrə istehsalı məhz Pekinin gizli yolla bu ölkəyə ixrac etdiyi müəyyən elektron cihazlar sayəsində həyata keçirilir. Bu da o deməkdir ki, Moskva böyük anlamda Çinin maraqları çərçivəsində və onun orbiti ətrafında fırlanmaq məcburiyyətindədir. Ona görə də Makron Rusiyanı Çinin vassalı adlandırır”. 



Bununla belə həmsöhbətimiz düşünür ki, hələlik Rusiya haqqında deyilən həmin ifadə yerində işlənmiş ifadə deyil:
 
"Çünki Rusiya hələlik vassal olacaq ölkə deyil. Rusiya dünyada ən böyük əraziyə və ən çox nüvə silahlarına malik bir ölkədir. Makron belə qeyri-ciddi ifadələrlə gündəmdə qalmaq istəyir. Fransa daxil Avropa İttifaqı ABŞ-ın vassalı rolunda çıxış edir. Paris sadəcə həmin vassal rolundan imtina üçün müəyyən çırpıntılar ortaya qoyur. Ancaq Aİ hazırda ABŞ-ın vassallığından çıxa bilmir. Əslində, Makronun Çinə səfərinin əsas mahiyyətindən biri də bundan ibarət idi”. 

Fransa prezidenti Emmanuel Makron "L'Opinion" qəzetinə müsahibəsində bildirib ki, Rusiya Ukraynadakı müharibəni "artıq geosiyasi baxımdan uduzub" və Moskva Çinin vassalına çevrilir. "De-fakto o, Çinə tabelik formasına girdi və onun üçün çox vacib olan Baltikyanı ölkələrə çıxışını itirdi. Bu isə İsveç və Finlandiyanı NATO-ya üzv olmaq qərarına gətirdi. İki il əvvəl bunu təsəvvür etmək mümkün deyildi. Ona görə də bu, artıq geosiyasi məğlubiyyətdir”, deyə Makron bildirib. 

Rüfət Sultan