"Hazırda yarısı qadın olmaqla 1000-ə yaxın ukraynalı mülki şəxs və 700 hərbçi Rusiya əsirliyindədir".
Qaynarinfo Unian-a istinadən xəbər verir ki, bu sözləri Ukraynada işğal olunmuş ərazilərin reinteqrasiyası naziri İrina Vereşçuk
deyib.
"Ruslar minə yaxın mülki şəxi ələ keçirib. Onların da yarısı qadındır. Dəfələrlə təkrar edəcəyəm, bəlkə Rusiya məni eşidər, biz hərbçiləri mülki şəxslərlə dəyişmərik. Bu, Cenevrə Konvensiyası ilə qadağandır. Biz tələb edirik ki, onlar azadlığa buraxılsınlar. Hər hansı bir şərt qoyulub və Ukrayna tərəfinə mülki şəxslər təhvil verilib. Hərbçilərə gəlincə, bizdə təxminən paritet var. Bizdə onların 700-dən çox hərbçisi var və onlar da təxminən eyni saydadır” deyə nazir əlavə edib.
Aprelin 14-də azad edilən şəxslərlə bağlı danışan Vereşçuk bildirib ki, Rusiya Cenevrə Konvensiyasına əməl etməyib:
"Mən öz ərlərini, arvadlarını gözləyən bütün qohumlara müraciət edirəm. Səbirli olmaq lazımdır, biz hər zaman siyahılar veririk, onların azad olunmasına çalışırıq. Başqa bir məsələ də budur ki, düşmən tərəfi hamını əhatə etmir və yalnız lazım bildiyi şəxsləri təhvil verir".
Qeyd edək ki, aprelin 14-də dördüncü əsir mübadiləsi aparılıb, 22 hərbçi və 8 mülki şəxs azad edilib. Hərbçilər arasında - 5 zabit və 17 sıravi əsgər var.
İlk tam hüquqlu hərbi əsir mübadiləsi martın 24-də baş tutub. Ukrayna 10 işğalçı müqabilində 10 hərbçisini geri qaytarıb.
Aprelin 1-də əsirlərin ikinci mübadiləsi aparılıb. Ukrayna 15-i qadın olmaqla 86 hərbçisini geri qaytara bilib.
Üçüncü əsir mübadiləsi aprelin 9-da baş tutub. 12 hərbçi və 14 mülki şəxs azad edilib.
Aydın