ABŞ, Avropa İttifaqı və Böyük Britaniyanın rəsmiləri Rusiyanın Qərb sanksiyalarından yayınmaq cəhdləri barədə məlumat vermək üçün maliyyə institutları ilə görüşlər keçirib.
Qaynarinfo xəbər verir ki, Reuters ABŞ Maliyyə Nazirliyindəki mənbələrə istinadən
yazır.
ABŞ kəşfiyyatının yüksək rütbəli rəsmiləri Moskvanın maliyyə və ixrac məhdudiyyətlərindən yan keçmək üçün QRU və FSB resurslarından istifadə etdiyinə dair sübutlar paylaşıblar. Görüş Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun yaz iclasları çərçivəsində baş tutub.
İclasda iştirak edənlər arasında ABŞ maliyyə nazirinin müavini Uolli Adeyemo, Aİ komissarı Meyrid MakQinnes, Böyük Britaniya xəzinədarlığının beynəlxalq maliyyə üzrə baş direktoru Lindsi Uayt, Mərkəzi kəşfiyyat idarəsinin direktor müavini Devid Koen və Milli kəşfiyyatın direktor müavini Morqan Myuir olub.
Reuters agentliyinin mənbəsi qeyd edib ki, maliyyə institutları təkcə Qərb yurisdiksiyalarında deyil, həm də üçüncü ölkələrdə sanksiyalardan yayınma ilə mübarizə aparmağa hazır olduqlarını bildiriblər. ABŞ Maliyyə Nazirliyində vurğulandığı kimi, rəsmilər Rusiya ordusunun ilk növbədə axtardığı mallar haqqında məlumat paylaşıb və bildirilib ki, onları əldə etmək üçün xüsusi xidmət orqanlarının resurslarından istifadə edilir.
"İndi Rusiyanın təkcə yüksək dəqiqlikli raketlər yaratmaq üçün elektronikaya deyil, həm də döyüş sursatı istehsalı üçün daha sadə komponentlərə ehtiyacı olduğu həlledici məqamdır”, - deyən Maliyyə Nazirliyinin rəsmisi Moskvanın silah istehsalı üçün lazım olan materialların ciddi çatışmazlığı ilə üzləşdiyini qeyd edib.
Yaxın vaxtlarda maliyyə nazirinin terrorizmin maliyyələşdirilməsi və maliyyə cinayətləri üzrə köməkçisi Elizabet Rozenberq Rusiyaya qarşı sanksiyalardan yayınmağı müzakirə etmək üçün ayrı-ayrılıqda Qazaxıstan və Qırğızıstana səfər edəcək.
Keçən il tətbiq edilən ixrac məhdudiyyətlərinə baxmayaraq, Qərb istehsalçılarının elektronikası hələ də Rusiyaya tədarük edilir. Reuters-in ötən ilin sonunda yazdığı kimi, ABŞ mikroçipləri Türkiyə və Honq Konq da daxil olmaqla üçüncü ölkələrdəki saxta şirkətlər vasitəsilə sanksiyalardan yayınaraq Rusiyaya daxil olur. "The Financial Times” ötən həftə yazıb ki, Britaniyanın "Mykines Corporation” müharibə başlayandan bəri Rusiyaya sanksiya siyahısında olanlar da daxil olmaqla 1,2 milyard dollar dəyərində elektronika tədarük edib.
Bloomberg fevral ayında yazmışdı ki, ABŞ və müttəfiqləri Rusiyanın sanksiyalardan yan keçməsinin və üçüncü ölkənin Moskvaya dəstəyini sarsıtmasının qarşısını almağı planlaşdırır.
Nizami Bağırov