Ukrayna pilotsuz uçan aparatların istehsalını artırır və Rusiya gəmilərinə daha çox hücum edə biləcək.
Qaynarinfo
xəbər verir ki, bunu Ukrayna baş nazirin müavini Mixail Fyodorov "Reuters” agentliyinə Ukrayna Silahlı Qüvvələrinin Krım yaxınlığındakı son hücumlarını şərh edərkən bildirib.
"PUA-lar daha çox olacaq, daha çox hücumlar olacaq, Rusiya gəmiləri daha az olacaq. Bu dəqiqdir", - Fyodorov müsahibəsində deyib.
Fyodorov həmçinin qeyd edib ki, 2023-cü ildə Ukraynada dron istehsalı ötən illə müqayisədə 100 dəfədən çox artıb.
"Hesab edirəm ki, bu ilin sonuna qədər əvvəlki illə müqayisədə bu artım təxminən 120-140 dəfə çox olacaq”, - Baş nazirin müavini qeyd edib.
Nazirin sözlərinə görə, Ukrayna hətta xarici rabitə elektron müharibə nəticəsində pozulsa belə, bir neçə kilometr uzaqlıqdakı hədəfləri lokallaşdıra və dronları onlara yönəldə bilən süni intellekt sistemlərini sınaqdan keçirir.
"Bizə süni intellektə ehtiyacımız var, məsələn, Lancet (Rusiya pilotsuz uçan aparatı) necə işlədiyinə bənzər hədəf axtarış texnologiyası, beləliklə hədəfi elektron müharibədən istifadə edərək tapmaq və məhv etmək mümkün olsun”.
O əlavə edib ki, bu texnologiya hazırda sınaq mərhələsindədir, lakin Ukraynanın aldığı dronların bəziləri hədəfləri tanımaq üçün süni intellektdən istifadə edir.
"Meşədə o, hədəfi aşkarlaya və onun insan, tank və ya konkret maşın olduğunu müəyyən edə bilər. Bu texnologiyalardan fəal şəkildə istifadə olunur", - Fyodorov qeyd edib.
Alpər