Dünya 18:25 14.08.2022

Rusiya hansı dövlət quruluşlarında olursa-olsun... - Prezident

Latviya rusiyalılara artıq verilmiş yaşayış icazələri və vizalara yenidən baxa bilər. Onlar Ukraynadakı müharibəyə dəstək verdiyi üçün ləğv edilə bilər.

Bu barədə Qaynarinfo "Delfi”yə istinadən yazır.

Ölkə prezidenti Egils Levitsin sözlərinə görə, gələcəkdə Rusiya vətəndaşlığını alan Latviyanın daimi sakinlərinə də yaşayış icazəsi verilməməlidir.

"Əvvəlki hökumətlərin yaşayış icazəsi alveri, onların Rusiya vətəndaşlarına yaşamaq icazəsi verməkdə əsassız səxavətləri, bunun arxasında yalnız bəzi siyasi iş adamlarının şəxsi maraqlarının gizlədilməsi təhlükəsizlik problemi yaratdı və ikidilliliyə töhfə verdi. Bu uğursuz və təhlükəli siyasətin nəticələrini yenidən nəzərdən keçirməyin vaxtı gəlib”, - deyə prezident bildirib.

Levits qeyd edib ki, Rusiya hansı dövlət quruluşlarında olursa-olsun, həmişə imperiya olub və digər ölkələr üçün təhlükə törədib.

"Günahsız insanların öldürülməsi, işgəncələr, alçaldılmalar, deportasiyalar, insan ləyaqətindən məhrumetmə – bu gün Ukraynada baş verən hər şey burada, Latviyada da baş verib”, - prezident bildirib.

Prezident hesab edir ki, Latviya həmfikir ölkələrlə birlikdə gələcəkdə Avropa səviyyəsində Rusiya vətəndaşlarına turist vizalarının verilməsinin dayandırılmasını tələb etməlidir.

Nizami Bağırov