Dünya 16:40 10.08.2022

Rusiya hərbçiləri İranda dronların istifadəsi üzrə təlim keçir - CNN

Yüzlərlə İran dronunun Rusiyaya göndərilməsi xəbərinin ardınca yüksək səviyyəli bir ABŞ rəsmi açıqlama verərək, bir sıra Rusiya qüvvələrinin İranda bu pilotsuz təyyarələrdən necə istifadə ediləcəyi ilə bağlı təlim kursları keçdiyini bildirib.

Qaynarınfo bu barədə CNN-ə istinadən xəbər verir.

"Son həftələr ərzində İrandan Rusiyaya pilotsuz təyyarələrin göndərilməsi ilə bağlı razılaşma çərçivəsində Rusiya rəsmiləri İranda təlim kursları keçiblər”? - CNN-in məlumatına görə, adının açıqlanmasını istəməyən amerikalı məmur bildirib.

O, daha sonra əlavə edib ki, İran Rusiyaya bəziləri silah daşıya bilən yüzlərlə pilotsuz təyyarə göndərəcək.

Qeyd edilir ki, ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan daha əvvəl Ukraynadakı müharibədə bu pilotsuz təyyarələrdən istifadənin mümkünlüyünə toxunmuş və İranın daha əvvəl "husi" milisləri üçün Yəmənə oxşar dronlar göndərdiyini bildirmişdi.

Aydın