"Bu, istefaya göndərilmə hadisələri Rusiyanın çətin durumda olmasının göstəricisidir".
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev Rusiya prezidenti Vladimir Putin tərəfindən son günlər həyata keçirilən kadr dəyişikliklərini şərh edərkən deyib.
Üzeyir Şəfiyev bildirib ki, anti-Rusiya cəbhəsində konsolidasiya artdıqca Rusiya daxilində psixoloji iqlim daha da sərtləşir:
"Yəni Rusiya istiblişmentində siyasi iqlim daha da gərginləşir. Göründüyü kimi, Rusiya elitasında qruplaşmalar və Putinə münasibətdə dözümsüzlük var. Bu da özünü müxtəlif səviyyələrdə göstərir. Putinin aqressiv şəkildə kadr dəyişikliklərinə getməsi onun ölkəsinin beynəlxalq arenada təcrid olunmasının günahını diplomatların üzərinə atmağa çalışmasının göstəricisidir".
Ekspertin fikrincə, Putinin götürdüyü kurs artıq rus siyasi elitasını yorub:
"Belə vəziyyətdə kadr dəyişikliklərinin daha da aqressivləşməsinin şahidi olacağıq. Putin xarici siyasətdəki uğursuzluqlarını ayrı-ayrı kadrların üzərinə yükləmək və bununla da kimisə "günah keçisi" kimi təqdim etməyə çalışır. Guya bununla vəziyyətdən çıxacağını düşünür. Rusiya beynəlxalq birlik tərəfindən güclü təzyiqə məruz qalır. Belə bir durumda da Putin ölkəsinin gerçək itkilərini görür. Ancaq hələ də bundan nəticə çıxarmaq istəmir, daha da aqressivləşir. Putin vəziyyətdən çıxış yolunu hələ ki, müharibənin genişlənməsində görür".
Həmsöhbətimiz hesab edir ki, Rusiya siyasi elitasında Putin siyasətindən narazı qalan kifayət qədər qüvvələr var:
"Rusiya siyasi elitasında Putinin yürütdüyü siyasətdən narazılıq tədricən baş qaldırmaqdadır. Rusiya sahədə böyük itkilərə məruz qaldıqdan sonra Putinə qarşı ölkə daxilində açıq etirazlar baş qaldıra bilər. Hətta bu fonda mərkəzdənqaçma hallarını da müşahidə edə bilərik. Həmçinin, yaxın qonşuluqda olan dövlətlər də ondan uzaqlaşmağa çalışacaq, MDB-nin də bir format olaraq fiaskosunu sürətləndirəcək. Rusiyaya basqılar dərinləşəcəksə, belə vəziyyət özünü tezliklə göstərəcək".
Qeyd edək ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov vəzifəsindən azad olunub. Bu barədə Rusiya prezidenti Vladimir Putin müvafiq fərman imzalayıb. Boqdanov eyni zamanda Rusiya prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi vəzifəsindən də azad edilib.
Bu hadisədən bir neçə gün əvvəl isə Rusiyanın nəqliyyat naziri və Kursk vilayətinin keçmiş qubernatoru Roman Starovoyt vəzifəsindən azad edilib. Sonradan onun özünə qəsd etdiyi açıqlanıb.
Rüfət Sultan
Şərhlər