Xəbər lenti

Dünya 18:23 23.07.2024

"Rusiya ilə İran qərar qəbul etsə də, icrası mümkün olmayacaq" - Ekspert

"Siyasi qərarlarla dollardan imtina mümkün deyil. Bunun üçün yalnız intellekt inkişaf etdirilməlidir".
 
Bunu Qaynarinfo-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli Rusiya ilə İranın dollardan asılılığı aradan qaldırmaq üçün bankomatlar və POS terminalları vahid sistemə qoşulacaqları barədə informasiyanı şərh edərkən deyib.

"İstənilən ölkə xidmət sahədində bu cür qarşılıqlı razılıq əldə edib bir-birilə öz valyutaları ilə ticarət apara bilər. Belə addım atan ölkələrin sayı çoxdur. Azərbaycanla İran arasında ciddi maliyyə əlaqəsi olmasa da, manat cənub ölkəsində və Gürcüstanda ciddi nüfuza malikdir. Azərbaycanda da rus rublu dollardan sonra ən yüksək nüfuza malik valyutadır. Baxmayaraq ki, Moskva ilə Bakı arasında bu istiqamətdə razılaşma yoxdur. Rusiya ilə İranın bu istiqamətdə atdıqları addım hər iki ölkənin bir-birilə əlaqələrində asanlıq yaradacaq, onlara mənfəət gətirəcək", deyə ekspert bildirib.
 


Akif Nəsirli deyib ki, dollardan tamamilə imtina mümkünsüzdür:

"Məsələ ondadır ki, bu iki ölkənin dünyadan asıllığı daha güclüdür. Ona görə də bu ölkələr arzulasalar da, tamamilə dollardan imtina edə bilməzlər. Rusiya neft və qazını dollarla satır. Rusiya tankları təmir etmə üçün Avropa və Qərbin digər ölkələrindən dollarla məişət əşyaları alır. Məişət əşyalarının içindəki çiplərdən isə tankların təmirində istifadə edirlər. Təkcə bu fakt göstərir ki, Rusiya və İranda çatışmayan məsələ dollardan asılılıq deyil. Dollardan asılılığı azaltmaq istəyən ölkələr intelektin inkişafına yaşıl işıq yandırmalıdır. Yəni siyasi qərarlarla dollardan imtina mümkün deyil. Bunun üçün yalnız intelekt inkişaf etdirilməlidir. Ona görə də Rusiya ilə İran bu istiqamətdə qərar qəbul etsə də, onun icrası mümkün olmayacaq”.

Qeyd edək ki, İran və Rusiyada dollardan asılılığı aradan qaldırmaq üçün bankomatlar və POS terminallar vahid sistemə qoşulacaq. Bu barədə "Rokna" məlumat yayıb.

Bildirilib ki, bu yaxınlarda İran və Rusiya arasında maliyyə sahəsində saziş imzalanıb. Sazişə əsasən, sentyabrın əvvəlindən İranın bank şəbəkəsi Rusiyanın "Mir" ödəniş şəbəkəsinə qoşulacaq.

Bu da ölkələr arasında ticarət və bank əməliyyatlarından dolları çıxarmağa hesablanıb.

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->