Rusiya Niderlandın enerji təchizatının xəritəsini çəkməyə çalışır ki, harada təxribat edə biləcəyini bilsin.
Qaynarinfo ”NOS” nəşrinə istinadən xəbər verir ki, bunu Niderlandın hərbi kəşfiyyatı MIVD-nin direktoru Yan Svillens
bildirib.
Bir neçə ay əvvəl Şimal dənizində Rusiya gəmisi külək stansiyaları haqqında məlumat toplamağa çalışıb. "Bu vaxtında aşkar edildi və vaxtında həll edildi. Gəmi digər istiqamətə yönləndirildi”, - deyə Svillens açıqlama verib.
"Bu, Niderland üçün təhlükənin ilk baxışdan göründüyündən daha yüksək olduğunu açıq şəkildə göstərir", - o deyib. Külək stansiyaları ilə yanaşı, Rusiya internet kabellərinin və qaz kəmərlərinin xəritələşdirilməsində də maraqlı ola bilər.
Niderland kəşfiyyat xidmətlərinin məlumatına görə, "iğtişaşlar və təxribat üçün hazırlıq tədbirləri” həyata keçirilir. Xidmətlər bir müddətdir ki, içməli su obyektləri kimi digər həyati təminat obyektlərinə də gizli hücumların mümkün olduğu barədə xəbərdarlıq edir.
Bu həftə sonu növbəti Rusiya diplomatları ölkədən qovulub. Niderland Rusiyanın kəşfiyyat əməkdaşlarının diplomat təyin etməkdən əl çəkmədiyi üçün bu addımı atıb.
Əvvəllər belə hesab edilirdi ki, Rusiya səfirliyinin 10 əməkdaşı ölkədən çıxarılıb. İndi Svillens bildirib ki, söhbət 17 nəfərdən gedir. "Biz artıq kəşfiyyatçı olduqlarını bildiyimiz yeni insanları da qəbul etmirik", - o deyib.
Nizami Bağırov