Xəbər lenti

Rusiya Kara-Murzanı 25 il müddətinə azadlıqdan məhrum etdi
Dünya10:25 17.04.2023

Rusiya Kara-Murzanı 25 il müddətinə azadlıqdan məhrum etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Moskva şəhər məhkəməsi müxalif siyasətçi və jurnalist Vladimir Kara-Murzanı dövlətə xəyanət (Cinayət Məcəlləsinin 275-ci maddəsi), ordu haqqında yalan məlumat yaymaqda (CM-nin 207.3-cü maddəsinin 2-ci hissəsinin "e” bəndi) və arzuolunmaz təşkilatın fəaliyyətini həyata keçirməkdə (CM-nin 284.1-ci maddəsinin 1-ci hissəsi) təqsirli bilinərək cəzasını ciddi rejimli koloniyada çəkməklə 25 il müddətinə həbs cəzasına məhkum edib. Bu, dövlət ittihamının tələb etdiyi cəza müddətidir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb. 
O, cəzasını ciddi rejimli koloniyada çəkəcək. Məhkəmənin qərarı ilə o, həmçinin 400 min rubl cərimələnib və onun jurnalistika fəaliyyətinə yeddi illik qadağa qoyulub. Məhkəmə iclası "məxfi” möhürünə görə qapalı rejimdə keçirilib.
Vladimir Kara-Murza 2022-ci ilin aprelindən həbsdədir. Əvvəlcə o, "ictimai olaraq bilərəkdən yalan məlumat yaymaqda” ittiham olunub. 
İstintaqın məlumatına görə, o, ABŞ-da çıxışı zamanı Rusiya silahlı qüvvələrini qadağan olunmuş döyüş vasitələrindən istifadə etməkdə ittiham edib. Daha sonra ona qarşı daha iki iş açılıb, oktyabrda onlar bir cinayət işində birləşdirilib.
Vladimir Kara-Murzanın işi Rusiyada dövlətə xəyanətlə bağlı maddənin yeni variantının tətbiq edildiyi ilk hadisədir. Yeni redaksiyaya görə, təkcə məxfi məlumatların ötürülməsi deyil, həm də Rusiyanın təhlükəsizliyinə qarşı yönəlmiş fəaliyyətdə başqa ölkələrə və ya təşkilatlara köməklik göstərilməsi vətənə xəyanət kimi qiymətləndirilə bilər. 
Nizami Bağırov