Dünya 11:45 01.05.2022

Rusiya KTMT ölkələrin köməyi ilə sanksiyalardan yan keçməyə çalışır - Ukrayna kəşfiyyatı

Rusiya Federasiyası Ukraynada başlayan müharibə ilə əlaqədar tətbiq edilən iqtisadi sanksiyaların dağıdıcı təsirlərini minimuma endirmək üçün digər ölkələri də cəlb etməyə çalışır.

Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Ukrayna hərbi kəşfiyyatının məlumatına görə, Moskva KTMT ölkələrində (Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan-red.) Rusiya hərbi və ikili təyinatlı məhsulların, ilk növbədə, xarici komponentlərin istifadəsini tələb edən detalların istehsalını təşkil etməyi planlaşdırır. Bundan əlavə, bu, KTMT-yə üzv ölkələrin Rusiya Federasiyasından iqtisadi asılılığını artıracaq ki, bu da Kremlin maraqlarına uyğundur.

Kəşfiyyat həmçinin qeyd edir ki, Rusiyanın aparıcı hava hücumundan müdafiə avadanlıqları istehsalçısı - "Ulyanovsk mexanika zavodu" SC Qazaxıstanı Almaniya istehsalı olan komponentləri almağa cəlb edir. İşğaldan əvvəl Rusiya "Buk” tipli hava hücumundan müdafiə sistemlərinin və Tunquska tipli zenit-raket sistemlərinin istehsalı/modernləşdirilməsi üçün lazım olan alman məhsullarını əldə edib, lakin hazırda bu məhsulların tədarükü artan sanksiyalar qarşısında qeyri-mümkün olub.

Nizami Bağırov