ABŞ-ın Ukraynaya göndərdiyi HİMARS yaylım atəşli reaktiv sistemləri artıq Avropaya çatıb. Silahın Ukraynaya qısa bir zamanda təhvil verilməsi üçün Co Bayden administrasiyasının mümkün addımları atmaqdadır. Qərb hərbiçiləri ukraynalı həmkarlarına silahlardan istifadəni öyrədirlər. Ekspertlərə görə, bunun üçün 3 həftə tələb olunur.
Artıq məlum olduğu kimi, ABŞ hökuməti Ukraynaya daha 700 milyon dollarlıq hərbi yardım paketi açıqlayıb. Paketin ən önəmli tərkib hissəsi M142 HİMARS reaktiv yaylım atəş sistemidir. Qeyd edək ki, ABŞ-ın Ukraynaya müasir raket kompleksləri vermək niyyəti Kremli əməlli-başlı özündən çıxarıb. Rusiya prezidenti Vladimir Putin də bu müstəvidə Qərbi növbəti dəfə hədələyib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə bildirib ki, Ukraynanın Qərbdən reaktiv yaylım atəşi sistemləri alması üçüncü ölkələrin münaqişəyə cəlb olunması riskini artırır. Rusiya dövlət televiziyaları isə üçüncü dünya müharibəsi barədə danışmağa başlayıblar.
Belə ki, Kremlin nəzarətində olan "Rossiya-1” telekanalında "60 dəqiqə” verilişinin aparıcısı Olqa Skabeyeva iddia edib ki, Qərbin Ukraynaya silah verməsi qlobal münaqişə anlamına gəlir. Rusiyalı jurnalist canlı yayımda bu ifadələri işlədib:
"Ukraynada xüsusi hərbi əməliyyatın başa çatdığını qəbul etməyin vaxtı çatıb. Çünki əsl müharibə, 3-cü dünya müharibəsi artıq başlayıb. Biz təkcə Ukraynanı deyil, bütövlükdə NATO-nu tərksilah etməyə məcburuq”.
Yaranmış vəziyyət onu deməyə əsas verir ki, Qərb Kremlin hay-küyünə baxmayaraq, Ukraynaya hərtərəfli hərbi dəstək verməkdə israrlıdır. Bunun nəticəsidir ki, son günlər Rusiya NATO-ya münasibətdə aqresivləşib.
Ukrayna ətrafında cərəyan edən son proseslər fonunda Rusiya və ABŞ arasında birbaşa hərbi toqquşma baş verə bilərmi?
Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Fərhad Məmmədov bildirib ki, ABŞ və Rusiya rəsmilərinin bir-birini kəskin şəkildə hədələməsinə rəğmən, hələlik tərəflər bir-birilə açıq savaşa girməkdən çəkinirlər:
"ABŞ-ın Ukraynaya 300 km-lik məsafəni vura bilən raket sistemlərini vermək niyyəti Rusiyanı narahat edib. Çünki bu raketlər Rusiya ərazisinin dərinliyində olan hərbi infrastrukturu məhv edə bilər. ABŞ-da da bəzi siyasətçilər bunu Rusiya üçün "qırmızı xətt” kimi dəyərləndirirlər. Zelenski və Blinken isə çıxışlarında bəyan ediblər ki, bu silahlarla Rusiya ərazisinə zərbə endirilməyəcək. Əvvəllər NATO-nun müharibəyə qoşulmasını Rusiya böyük müharibənin başlanması kimi qələmə verirdisə, artıq Qərb alyansı birdirib ki, onlar müharibəyə birbaşa qoşulmayacaqlar, ancaq silahla yardım edəcəklər”.
Həmsöhbətimizə görə, hələlik vəziyyət "söz dueli"ndən uzağa getmir:
"Görünən odur ki, ABŞ Ukraynada müharibənin davam etdirilməsində maraqlıdır. Qərb Rusiya ilə danışıqlara da getmir. Digər tərəfdən, Avropa müharibənin öz sərhədləri yaxınlığında baş verdiyindən təhlükə hiss edir və odur ki, sülhün bərqərar olmasında maraqlıdır. Belə olan halda Rusiya ilə ABŞ-ın bir-birini hədələməsi söz yığnağından başqa bir nəsnə deyil. Hələlik, nüvə silahının istifadəsilə müşayiət olunan müharibənin astanasında deyilik. Tərəflər bir-birilə açıq savaşa girməkdən çəkinirlər”.
Rüfət Sultan