Rusiya Federasiyası batmış kreyserin 27 ekipaj üzvünün, o cümlədən 19 müddətli hərbi qulluqçunun ölümünü rəsmən tanımaqdan imtina edir. İndiyədək onlar itkin düşmüş hesab olunurlar.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat
yayıb.
Qeyd olunur ki, rəsmilər və xüsusi xidmət orqanları rusiyalı dənizçilərin ailələrini "Moskva” kreyserində həlak olan qohumları haqqında məlumatları gizlətməyə məcbur etməkdə davam edir. Sevastopolda yalnız miçman Vaxruşev rəsmi olaraq dəfn edilib.
Kreyser komandiri, nizamnaməni pozaraq gəmini ilk tərk edənlərdən biri olan birinci dərəcəli kapitan Kuprin öz hərəkətini müddətli hərbi qulluqçuları xilas etmək cəhdi kimi izah edir. İddialara görə, o, gəmidəki partlayışlardan sonra belə bir əmr alıb.
Ukrayna kəşfiyyatçılarının bildirdiyinə görə, ölən dənizçilərin qohumlarını həm Rusiya Hərbi Dəniz Qüvvələri komandanlığı, həm də Rusiya Federasiyası Qara Dəniz Donanması komandanlığı, həm də hakimiyyət orqanları və sosial təminat orqanları qəbul etməkdən imtina edir. Onlar həlak olan və itkin düşmüş çağırışçılar haqqında məlumatları gizlətmək üçün xüsusi olaraq yaradılmış psixoloq, həkim və hüquqşünaslar qrupuna göndərilir.
"Qohumlarının ölənlər haqqında mətbuatda məlumat dərc etmək istəyindən xəbər tutan FTX əməkdaşları onların evlərinə və iş yerlərinə gələrək dövlət sirrini yaymağa görə cinayət məsuliyyəti hədələri ilə "profilaktik iş” aparırlar. "Moskva” kreyserində həlak olanların yaxınları arasında sosial gərginlik artmaqda davam edir.
Nizami Bağırov