Xəbər lenti

Rusiya neftinin Aİ-dəki payı iki il ərzində 29,2%-dən 2,3%-ə qədər azalıb
Dünya12:18 04.09.2023

Rusiya neftinin Aİ-dəki payı iki il ərzində 29,2%-dən 2,3%-ə qədər azalıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
2023-cü ilin iyun ayının sonuna olan nəticələrə görə, Aİ ölkələri tərəfindən idxal edilən Rusiya neftinin həcmi 29,2%-dən (2021-ci ildə) 2,3%-ə, qazın 38,5%-dən 12,9%-ə, kömürün həcmi 45%-dən 0%-ə qədər azalıb. 
Qaynarinfo xəbər verir ki, bu barədə Eurostat-ın hesabatında deyilir.
Eurostat materiallarına görə, Rusiya 2021-ci ildə Aİ-yə ən böyük neft tədarükçüsü olub. Lakin Ukraynada hərbi əməliyyatların başlamasından və ardınca Rusiyaya qarşı sanksiyalardan sonra Aİ ölkələri Rusiya tərəfi ilə ticarət əlaqələrini azaltmağa başlayıb. Rusiya neft məhsullarının tədarükü ən çox 2022-ci ilin üçüncü və dördüncü rüblərində azalıb. 2023-cü ilin iyun ayının sonuna qədər Rusiyanın neft tədarükü 2,3%-ə qədər azalıb.
Neft və neft məhsullarının tədarükündə Rusiyanın Avropa bazarında iştirakının azalması ilə eyni vaxtda Səudiyyə Ərəbistanı və Norveçin payı 11%-ə yüksəlib. ABŞ 13%-lə ən böyük təchizatçı olaraq qalır. Qazaxıstanın payı 8% təşkil edir. 
2021-ci ilin yanvarından 2022-ci ilin martına kimi Rusiyadan Aİ-yə təbii qaz idxalı kəskin qiymət artımı səbəbindən artıb. Bununla belə, 2022-ci ilin aprelindən iyun ayına qədər Avropa İttifaqının tətbiq etdiyi bir neçə sanksiya paketindən sonra Rusiya xammalının tədarükü "daim və əhəmiyyətli dərəcədə” azaldılıb.
Rusiyanın 2021-ci ildə Aİ təbii qaz idxalında payı 38,5% təşkil edirdisə, 2023-cü ilin iyun ayının sonunda bu rəqəm 12,9%-ə enib. Bu ilin ikinci rübündə Aİ ən çox qaz idxalı ABŞ-dan (24%), Əlcəzairdən (18%), Böyük Britaniyadan (15%) və Norveçdən (10%) olub. 
2022-ci ilin yayında Aİ Rusiya tədarükündən asılılığı məhdudlaşdırmaq üçün bir sıra tədbirlər görüb. Aİ-nin Rusiyadan xam neft idxalına embarqosu 2022-ci il dekabrın 5-də, neft məhsullarının idxalına isə 2023-cü il fevralın 5-də qüvvəyə minib. 2027-ci ilə qədər Avropa İttifaqı Rusiya qalıq yanacaqlarının idxalından tamamilə imtina etmək niyyətindədir.
Nizami Bağırov