Xəbər lenti

Rusiya nifrət ediləcək qədər vacib deyil, türklərin biganəliyi isə… - İvan Krastev
Dünya06:36 24.02.2023

Rusiya nifrət ediləcək qədər vacib deyil, türklərin biganəliyi isə… - İvan Krastev

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Putinin Ukraynadakı təcavüzünə türklərin və hindlilərin biganəliyi Qərb analitiklərini çaş-baş salıb.
Qaynarinfo Liberal strategiyalar mərkəzinin (Sofiya) İdarə heyətinin sədri, Humanitar elmlər institutunun (IWM, Vyana) elmi işçisi, Xarici əlaqələr üzrə Avropa şurasının təsisçilərindən biri və üzvü İvan Krastevin məqaləsini təqdim edir.
ABŞ-da 11 Sentyabr hücumlarından sonra amerikalı ekspertlər gileyli şəkildə soruşdular: "Niyə bizə nifrət edirlər?" Putinin Ukraynadakı bir illik müharibəsindən sonra bu sualın variasiyası formalaşmağa başladı: "Niyə Rusiyaya nifrət etmirlər?"
Qeyri-Qərb dövlətlərinin Moskvaya qarşı sanksiyalar tətbiq etmək istəməməsi asanlıqla iqtisadi maraqlarla izah oluna bilər.
Bəs qeyri-Qərb ictimaiyyətinin Kremlin açıq-aşkar aqressiyasına niyə o qədər də qəzəblənmədiyini necə izah etmək olar? "United West, Divided by the Rest” təşkilatının yeni araşdırması göstərir ki, müharibə və Rusiyanın hərbi uğursuzluqları bir çox qeyri-Qərb ölkələrində insanların Rusiya haqqında fikirlərini dəyişməsinə və ya onun gücünü şübhə altına almasına səbəb olmayıb. Çinlilərin 79%-i Rusiyaya ya "müttəfiq”, ya da "tərəfdaş” kimi baxır (bu, təəccüblü deyil). Amma eyni şey hindlilərin 80%-i, türklərin 69%-i üçün də belədir. Eyni zamanda, bu ölkələrin hər birində respondentlərin təxminən dörddə üçü hesab edir ki, Rusiya ya daha güclüdür, ya da ən azı, müharibədən əvvəlki kimi güclüdür.
Bir çox amerikalılar və avropalılar uzun sürən müharibə və iqtisadi çətinliklər olsa belə, Ukraynanın qalib gəlməsini istəsələr də, əksər çinlilər, hindlilər və türklər müharibənin mümkün qədər tez bitməsinə üstünlük verəcəklərini bildiriblər, hətta bu, Ukraynanın ərazisinin bir hissəsindən imtina etməsi anlamına gəlsə belə.
Qeyri-Qərb ölkələrinin sakinləri hesab edirlər ki, Qərbin Kiyevə dəstəyi Ukraynanın ərazi bütövlüyünü və ya demokratiyasını müdafiə etməklə bağlı deyil. Məhz bu dəstək, xüsusən də qabaqcıl silahların tədarükü qeyri-Qərb ölkələrinin Kremlin bu münaqişənin faktiki olaraq Rusiya ilə Qərb arasında konflikt olması barədə narrativinin qəbul etmələrini asanlaşdırıb.
Bu, Moskvanın hərbi məğlubiyyətlərinin qlobal cənub deyilən bölgədə niyə çətin hiss olunduğunu izah edir. Əgər Rusiya bütün Qərbə qarşıdırsa, bunun o qədər də sadə olmadığı təəccüblü deyil.
Bu münasibətlə üzləşən Qərb analitikləri adətən Rusiya təbliğatının dağıdıcı təsirindən və müstəmləkəçilik irsindən təəssüflənirlər. Amma daha da vacibi odur ki, avropalılar müharibəni iki antaqonist blok arasında Soyuq müharibə tipli qütbləşməyə qayıdış kimi görürlər, digərləri isə dünyanın çoxsaylı güc mərkəzlərinə parçalandığını görürlər.
Hindistanın yüksək rütbəli keçmiş diplomatının sözlərinə görə, Qərbdən kənarda olan bir çoxları üçün "Ukraynadakı müharibə dünya nizamının gələcəyi deyil, Avropanın gələcəyi ilə bağlıdır”. Bu yaxınlarda Kolumbiyada jurnalistlər, yazıçılar və siyasətçilər ilə söhbət edərkən mən də Avropanın coğrafi imtiyazından müəyyən narazılıq hiss etdim.
"Qeyri-Qərb” Avropada baş verənlərin dərhal qlobal problem kimi qəbul edilməsinə qıcıqlanır; amma Afrikada və ya Latın Amerikasında belə münaqişə baş verərsə, heç kim buna əhəmiyyət vermir.
Ukraynadakı müharibəyə məhəl qoymamaqla, Qərbdən kənarda olanların çoxu şüurlu və ya şüursuz olaraq Avropanın dünya siyasətindəki mərkəzi yerini şübhə altına alır.
Qeyri-Qərb cəmiyyətlərinin Ukraynadakı hadisələri necə görməsi Putin və onun təbliğatçılarını rahatlaşdıra bilər, lakin "niyə rusiyalılara nifrət etmirlər” sualının da Moskva üçün daha az ürəkaçan cavabı var.
İnkişaf etməkdə olan ölkələr Putinin təcavüzündən qəzəblənmirlər, çünki Rusiyaya qlobal supergüc kimi qəbul edilməsinə son qoyulub. Hindistan və Türkiyə kimi ölkələr üçün Rusiya onlar kimi olub, hansından ki, qorxmaq lazım deyil.
Regional güclərin imtiyazı öz regionundan kənarda nifrət oyatmamaqdan ibarətdir; İndi Moskva bu imtiyazdan istifadə edir.
Sovet İttifaqı ideoloji fövqəldövlət idi. Sovet diplomatları 1970-1980-ci illərdə üçüncü dünya ölkələri adlanan ölkələrdə inqilabları qızışdırmağa çalışırdılar. Bu gün Putinin postsovet məkanında imperiya layihəsindən başqa transformasiya proqramı yoxdur. Afrikadakı "Vaqner” qrupu ideyalar üçün deyil, pul üçün mübarizə aparan muzdlulardır.
Paradoksal olsa da, qeyri-Qərb dünyasını Moskvanın Ukraynada etdiklərinə nisbətən laqeyd edən Rusiyanın yumşaq gücə malik olmamasıdır. Rusiyanın müharibələri dünyanın bütün digər münaqişələrlə ahəngləşir - Suriya, Liviya, Efiopiya və Myanmadakı zorakılıqlarla yanaşı öz yerini tutur.
Beləliklə, "Niyə onlara nifrət edilmir” sualının cavabı sadədir. Çünki Rusiya artıq nifrət ediləcək qədər önəmli deyil.
Nizami Bağırov