Xəbər lenti

Rusiya ordusunun 180 min artması nəyin göstəricisidir? - Hərbi ekspert
Dünya 15:44 17.09.2024

Rusiya ordusunun 180 min artması nəyin göstəricisidir? - Hərbi ekspert

"Putinin Rusiya ordusunun şəxsi heyətinin sayını daha 180 min artırması ordunun komplekləşdirilməsində yaranan problemlərdən qaynaqlanır”.

Qaynarinfo-ya açıqlamasında bunu hərbi ekspert İbrahim Rüstəmli Rusiya prezidenti Vladimir Putinin ordunun şəxsi heyətinin sayının daha 180 min nəfərə qədər artırılması barədə qərarını şərh edərkən deyib:   

"O, problemi insan resursları ilə həll etmək istəyir. Kreml rəhbərliyi Rusiya ordusunun kadr potensialını həm təmin etmək, həm də artırmaq məqsədilə əlavə səfərbərlik sərəncamları imzalamaq məcburiyyətindədir. Rusiya hazırda bütün dünya ilə döyüşür. Ukrayna isə burada sadəcə tramplin rolunu oynayır. Yaranmış vəziyyətdə Rusiya özünü qorumaq üçün bütün mümkün vasitələrə əl atır”. 
 


Ekspert qeyd edir ki, Rusiya ciddi təzyiqlər altındadır. Bu təzyiqlər təkcə maliyyə məsələlərilə deyil, həmçinin insan resursları, hərbi xidmətin normal fəaliyyətini qoruyub saxlamaqla bağlıdır:

"Əlavə 180 minlik canlı resurs təbii ki, Rusiyanın mövqeyini müəyyən qədər gücləndirəcək. Lakin hazırda Rusiya elə bir dalana dirənib ki, nə irəli, nə də arxaya gedə bilir. Bu qüvvələr güman ki, Ukrayna cəbhəsinə göndəriləcək”. 

İ. Rüstəmli düşünür ki, əlavə 180 minlik ordunun Ukrayna müharibəsinə cəlbi cəbhə xəttində müəyyən dərəcədə Rusiyanın mövqeyini gücləndirəcək:

"180 min insanın müharibəyə cəlb edilməsilə Ukrayna savaşı hələ bitən deyil. Ola bilsin Rusiya gələcəkdə bundan da böyük rəqəmlərdən istifadə etməklə ordunun sırasını genişləndirməyə məcbur olsun. Çünki dünya ilə qarşı-qarşıya duran Rusiya üçün indi hər şey ölüm-dirim mübarizəsinə bənzəyir. Rusiya vabank gedir. 180 min əsgər Ukrayna cəbhəsi üçün böyük statistikadır. Güman edirəm ki, belə bir vəziyyətdə Rusiyanın mövqeyində müəyyən irəliləyişlər yaranacaq”. 
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Silahlı Qüvvələrin şəxsi heyətinin sayını daha 180 min nəfər artırmaqla, ümumi sayı 2 milyon 389 min nəfərə, o cümlədən 1,5 milyon hərbi qulluqçuya çatdıran fərman imzalayıb. 

Sənəd dekabrın 1-dən qüvvəyə minir. 

Rusiya Silahlı Qüvvələrinin şəxsi heyətinin sayı sonuncu dəfə 2023-cü ilin dekabrında 170 min nəfər artaraq 2209130 nəfərə, o cümlədən 1320000 hərbi qulluqçuya çatdırılıb.

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->