"Ola bilsin ki, Rusiya yaxın zamanlarda Ermənistanla bağl ciddi addımlar atmağa məcbur olsun. Güman ki, yaxınlarda Ermənistanda yeni bir hakimiyyət dəyişikliyi prosesinə start veriləcək”.
Bunu Qaynarinfo-ya açıqlamasında beynəlxalq məsələlər üzrə ekspert Elşən Mustafayev Rusiya prezidentinin sözçüsü Dmitri Peskovun Ermənistanın KTMT ilə yox, ABŞ-la birgə təlimlər keçirməsinin ciddi təhlil tələb etdiyi barədə səsləndirdiyi fikri şərh edərkən deyib.
"Ermənistanın ABŞ-la birgə hərbi təlim keçirməsi əslində Rusiya üçün sürpriz deyildi. Çünki bu prosesə hazırlıqlar öncədən bəlli idi. Ermənistanla Rusiya arasında son zamanlar yaranan soyuqluq ortada olsa da, Moskva ona açıq şəkildə reaksiya vermirdi. Lakin məsələnin daha dərinə getməsi Moskvanı prosesə reaksiya verməyə vadar edib. Bir neçə gün öncə Ermənistanın Moskvadakı səfirinə nota verilib”, deyə Elşən Mustafayev qeyd edib.
Ekspert bildirib ki, bu əsasda Rusiya prezidentinin sözçüsü Peskovun Ermənistanın KTMT ilə yox, ABŞ-la birgə təlimlər keçirməsinin ciddi təhlil tələb etdiyi barədə səsləndirdiyi fikir əslində ictimai rəyə hesablanmış sözlərdir:
"Rusiya məsələ ilə bağlı öz təhlilini artıq aparıb. İndi isə bu barədə ictimai rəydə fikir formalaşdırılmasına başlanılır. Peskov bununla İrəvana mesaj verir. Demək istəyir ki, sözügedən məsələ ilə bağlı təhlillərdən nəticə çıxaracaqlar. Açıq şəkildə Ermənistanı şantaj edirlər. Ona görə də düşünürəm ki, Peskovun "təhlil olunmalıdır” ifadəsinin arxasında ciddi faktor və ciddi hadisələrin olacağı gözlənilir”.
Qeyd edək ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında Ermənistanın KTMT ilə yox, ABŞ-la birgə təlimlər keçirməsinin ciddi təhlil tələb etdiyini bildirib: "Ermənistanın KTMT ilə təlimlər keçirmək istəyini ifadə etməməsi və indi amerikalılarla təlimlər təşkil etmək istəyini necə bəyan etməsi çox dərin təhlil tələb edən qərarlardır. Təhlil edilməlidir ki, İrəvanın niyə məhz belə qərarlar verdi, hansı məqsədlər güddü".
Rüfət Sultan