Xəbər lenti

Rusiya Qazaxıstanda hərəkətə keçdi: Kreml Tokayevi devirmək istəyir?
Dünya09:44 13.04.2023

Rusiya Qazaxıstanda hərəkətə keçdi: Kreml Tokayevi devirmək istəyir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Orta Asiya və Cənubi Qafqazda son aylar baş verən bütün hadisələr bu və ya digər formada Orta Dəhlizlə bağlı olan məsələlərdən qaynaqlanır”.
Bunu Qaynarinfo-ya açıqlamasında ictimai məsələlər üzrə mütəxəssis Arif Əliyev Qazaxıstanda 2022-ci ilin yanvarında sosial tələblərlə keçirilən etirazlar formatında yeni aksiyaların başlanmasını şərh edərkən deyib.
Onun sözlərinə görə, bu bölgə Orta Dəhliz adlanan qlobal nəqliyyat-kommunikasiya kompleksinin keçməli olduğu yolun üzərindədir:
"Qazaxıstan olduqca həssas zonada yerləşir. Tokayev sürətlə addımlayır. Lakin Rusiyanın Qazaxıstana təsirimkanları hələ də böyükdür. İlk növbədə etnik təsir baxımdan Kreml Astanaya təzyiq edə bilir. Bu ölkədə çoxsaylı etnik ruslar yaşayır. Qazaxıstanda son bir neçə gündə baş verən hadisələrin arxasında Rusiya dayanır və məqsədi də Orta Dəhlizin reallaşmasına mane olmaqdır. 
Digər tərəfdən, bir neçə gün əvvəl elan olundu ki, Qazaxıstan kifayət qədər əhəmiyyətli neftini Azərbaycan üzərindən Avropaya ötürüb və bu həcm növbəti ildə bir neçə dəfə artacaq. Qazaxıstanda narazılığın başlandığı ərazi də olduqca mürəkkəb ərazidir. Həmin ərazi sosial cəhətdən ağır zonadır. Həmin yerdə aranı qarışdırmaq bu mənada çox asandır. Bu mənada hazırda Qazaxıstanın vəziyyəti olduqca mürəkkəbdir”.
Həmsöhbətimiz düşünür ki, Moskva yaranmış situasiyada Tokayevi devirmək niyyətinə düşə bilər:
"Amma görünür Tokayev də Avropaya meyl etməklə bunun qarşısını almaq istəyir. Onun da müəyyən güclü dayaqları var ki, bu addımları ata bilir. Düşünürəm ki, bu məsələdə o, həm Astananın daxil olduğu beynəlxalq təşkilatlar, həm də üzv olduğu regional təşkilatlardan dəstək alacaq. Bu təşkilatlarda Qazaxıstanla Azərbaycanın mövqeyi sürətlə yaxınlaşmaqdadır”. 
Qeyd edək ki, Qazaxıstanın cənub-qərbindəki Manqistau vilayətinin Janaozen şəhərinin iki minə yaxın sakini Astanada saxlanılan neftçilərin azad edilməsi tələbi ilə mərkəzi meydana toplaşıb. 
Xatırladaq ki, aprelin 11-də Qazaxıstanın hüquq-mühafizə orqanlarının əməkdaşları icazəsiz aksiya təşkil etdiyi üçün Janaozendən olan neft-mədən şirkətinin əməkdaşlarını saxlayıb. Həmin hadisədən bir müddət əvvəl isə Qazaxıstanın şimalının bu ölkədən qoparılmasına çalışan qüvvələrin də aktivləşməyə başladıqları barədə mətbuatda bəzi məlumatlar getmişdi. 
Rüfət Sultan