Dünya 19:20 07.12.2022

Rusiya rəhbərliyi ölkədən qaçış planı hazırlayır - "Nuhun gəmisi"

Rusiyanın ali rəhbərliyi Ukraynaya qarşı müharibədə məğlub olacağı təqdirdə ölkədən çıxarılması planı hazırlayır. 

Qaynarinfo xəbər verir ki, bu barədə 2008-10-cu illərdə Rusiya Federasiyası hökumətinin ictimai çıxışların hazırlanması şöbəsində işləmiş, Vladimir Putinin spiçrayteri olmuş Abbas Qallyamov insayder mənbəyə istinadən yazır.

Onun sözlərinə görə, "Nuhun gəmisi” adı olan layihə üzərində iş yazdan bəri davam edir.

Başlanğıcda Çin Rusiyada kritik problemlər yarandıqda gedə biləcəyi platforma hesab olunurdu. Qallyamov yazır ki, bu təklif ABŞ Maliyyə Nazirliyinin "Putinin pul kisəsi” adlandırdığı "Rossiya” bankının sahibi, milyarder Yuri Kovalçukdan gəlib. Buna baxmayaraq, Qallyamov iddia edir ki, Kreml Çinə mühacirət perspektivlərindən "tezliklə məyus olub”. Putinin ətrafının narahatçılığı çinlilərin mentaliteti ilə bağlıdır: onlar "çox ağıllıdırlar” və "başqalarına, xüsusən də məğlublara xor baxırlar”.

Qalyamov yazır ki, indi Latın Amerikası - Argentina və Venesuela perspektivli platforma hesab olunur.

Üstəlik, onun sözlərinə görə, Venesuelaya evakuasiya layihəsinə prezident Nikolas Maduro ilə yaxşı şəxsi münasibəti olan və əvvəllər Venesuelanın neft sənayesinə milyardlarla dollar sərmayə qoyan "Rosneft”in rəhbəri İqor Seçin nəzarət edir.

"Rosneft”in rəhbərinin sağ əli, yaxın vaxtlara qədər şirkətin işçi heyətinə rəhbərlik edən Yuri Kurilin birbaşa bu işlə məşğuldur. ABŞ vətəndaşı, Kaliforniyadakı Heyvord Universitetinin məzunu, əvvəllər BP strukturlarında işləmiş Kurilin yayda rəsmi olaraq "Rosneft”dən istefa verib. İndi Qallyamovun sözlərinə görə, o, özünü tamamilə evakuasiya layihəsinə həsr edib.

Bununla belə, Maduronun özünün mövqeyi qeyri-müəyyən olaraq qalır. Əvvəllər Rusiyadan gələn çoxmilyardlarla dollar vəsaitə güvənən Venesuela prezidenti Ukraynada blitskriq planları iflasa uğradıqdan sonra Putindən uzaqlaşıb.

İşğaldan bir gün əvvəl, fevralın 23-də Maduro Ukraynanı ABŞ-ın "müstəmləkəsi” adlandırıb və martın 1-də Putinlə söhbətində Rusiya ordusunun hərəkətlərinə "güclü dəstək” ifadə edib. Lakin Rusiya qoşunları Kiyevdən geri çəkilməyə məcbur edildikdən sonra Maduronun şərhləri praktiki olaraq dayanıb.

Noyabr ayında Maduro müxalifətlə danışıqları bərpa edib və "Bloomberg”ə görə, səhiyyə sistemini və enerji infrastrukturunu maliyyələşdirmək üçün Mərkəzi Bankın ehtiyatlarının bir hissəsinin dondurulması da daxil olmaqla, ABŞ sanksiyalarının yumşaldılmasına çalışmaq niyyətindədir.

Nizami Bağırov