
Rusiyanın hərbi-diplomatik mənbələri Londonda çıxan "Əl Qüds Əl Ərəbi" qəzetinin Moskvanın Suriyaya S-300 raket-müdafiə sistemləri göndərdiyinə dair xəbərini təsdiqləyiblər.
"Nezavisimaya qazeta"nın xəbərinə görə, hərbi-diplomatik mənbələr S-300 sistemlərinin və Rusiyanın hərbi mütəxəssislərinin artıq Suriyada olduğunu bildiriblər. Sözügedən sistemlərin Suriyaya son iki il ərzində və çox gizli şəkildə göndərildiyi qeyd edilib.
Qəzetin xəbərinə görə, hazırda Suriya ərazisində dörd S-300 sistemi var. Bu sistemlər və onlardan istifadə edəcək hərbçilər Əsəd rejiminə loyal olan şiələrin yaşadığı ərazilərdə yerləşdirilib.
"Nezavisimaya qazeta" Putinin bu haqda İsrailin baş naziri Bünyamin Netanyahuya da məlumat verdiyini istisna etməyib. Qəzet hazırkı mərhələdə Rusiyanın İsraildən gizli bir şeyinin olmadığını yazıb. Xəbərdə Rusiya XİN-in S-300-lərin embarqo qoyulan silahlar sırasına daxil edilmədiyinə dair açıqlaması da xatırladılıb.
Qaynar.info