Xəbər lenti

Rusiya
Dünya 11:40 09.10.2025

Rusiya "səbir sınağı" keçirir: NATO pilotları Kremlin tələsinə düşmək riski ilə işləyirlər - BI

NATO-nun hava məkanını patrul etmə missiyaları, əvvəllər adi hesab olunan uçuşlar, indi getdikcə daha çox təhlükəli qarşıdurmalara çevrilir. F-35, F-16, Gripen və Eurofighter Typhoon qırıcılarının pilotları daimi döyüş hazırlığı vəziyyətində çalışır, Rusiya təyyarələrinin Alyans ölkələrinin səmasına təxribat xarakterli daxilolmalarına cavab verirlər.

Qaynarinfo xəbər verir ki, bu barədə "Business Insider” yazır.

Ukraynaya qarşı genişmiqyaslı işğalın başlanmasından sonra Rusiya tərəfindən NATO-nun hava məkanının pozulması halları artıb. Yalnız son vaxtlarda Polşa üzərində 19 rus pilotsuz aparatının uçuşu və Estoniya səmasında 12 dəqiqədən çox qalan üç MiQ-31 təyyarəsi qeydə alınıb.

Qərb analitiklərinin fikrincə, Moskva qəsdən NATO-nun səbrini sınağa çəkib "yoxlayır” – hansı radarların aktivləşdiyini, hansı təyyarələrin hansı bazalardan havaya qalxdığını və pilotların necə davrandığını müşahidə edir.

ABŞ Hərbi Hava Qüvvələrinin keçmiş pilotu, Miçell İnstitutunun eksperti Con Venabl izah edir ki, "Rusiya NATO-nu təxribata çəkir, məqsəd isə öz əhalisinə təhlükə altında olduqlarını göstərməkdir”.

"Qərb təmkin göstərməlidir – amma müəyyən həddə qədər”, – deyə ekspert vurğulayıb.

Onun sözlərinə görə, pilotlar maksimum intizamla hərəkət etməli, qarşıdurmaya səbəb ola biləcək hər hansı addımdan çəkinməlidirlər. "Sərhədi keçmək istəmirsiniz, amma eyni zamanda özünüzü və ya yoldaşınızı da təhlükəyə atmamalısınız”, – Venabl bildirib.

Güc və təmkin dilemması

Vəziyyəti NATO daxilindəki fikir ayrılıqları da çətinləşdirir. Bəzi ölkələr pozuntulara qarşı daha sərt cavabın, hətta atəş açmaq ehtimalının tərəfdarıdır. Digərləri isə Almaniya müdafiə naziri Boris Pistoriusun bu həftə xəbərdarlıq etdiyi "eskalasiya tələsinə” düşməkdən ehtiyat edirlər.

Yeni yaradılmış "Şərq mühafizi” əməliyyatı Alyansın şərq sərhədləri boyunca patrul zonalarını genişləndirib. Bu missiyaya ilk dəfə İsveçin Gripen qırıcıları, həmçinin İtaliyanın, Polşanın və Niderlandın F-35 və F-16 təyyarələri qoşulub.

NATO-nun baş katibi Mark Rütte etiraf edib ki, Alyans hazırda "boz zona”da fəaliyyət göstərir – yəni açıq müharibə yoxdur, amma sülh də yoxdur.
"Atəş açmaq qərarları real vaxtda, kəşfiyyat məlumatlarına və təhlükə səviyyəsinə əsasən qəbul olunur”, – deyə o bildirib.

Rüttenin sözlərinə görə, NATO hər zaman proporsional reaksiya verəcək, "amma bu, hər dəfə təyyarələrin vurulacağı anlamına gəlmir”.
O, son insidentlər zamanı peşəkar davranan ekipajları tərifləyib: 

"Pilotlarımız onlara öyrədildiyi kimi davranırlar. Bizim təlimlərimiz məhz buna xidmət edir – və bu, öz nəticəsini verir”.

Xatırladaq ki, son həftələr Avropa səmasında hiss olunmayan, lakin təhlükəli bir destabilizasiya dalğası müşahidə olunur. Bəzən hava limanlarının üzərində dronlar peyda olur, bəzən meteoroloji şarlar qəfildən hava məkanını pozur, bəzən də Baltik dənizində müəmmalı gəmilər saxlanılır. Məsələn, "Pushpa” və "Boracay” adları ilə tanınan tanker əvvəllər Danimarkanın hərbi bazaları üzərində dron uçuşlarının qeydə alındığı ərazilərdə görülüb.

Almaniyanın müdafiə naziri Boris Pistorius isə bundan əvvəl izah etmişdi ki, ölkə üzərindəki naməlum dronları kim vurmalıdır. Onun sözlərinə görə, Almaniya pilotsuz uçuş aparatlarına qarşı müdafiə sahəsində əhəmiyyətli irəliləyiş əldə etsə də, Bundeshver bu prosesi bütün ölkə üzrə tam şəkildə öz üzərinə götürə bilməz.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->