Rusiya şirkətlərinin böyük əksəriyyəti, ölçüsündən və fəaliyyət növündən asılı olmayaraq, kadr çatışmazlığı yaşayır.
Qaynarinfo "The Moscow Times”a istinadən xəbər verir ki, Superjob portalının keçirdiyi sorğunun nəticələrinə görə, müəssisələrin 86%-i belə şəraitdə fəaliyyət
göstərir.
Kadr çatışmazlığından ən çoxu iri müəssisələr şikayətlənirlər: bunu 1000-dən çox işçisi olan müəssisələrin 89%-nin nümayəndələri bildirib. Lakin kiçik şirkətlər arasında da bu rəqəmlər yüksəkdir. Xüsusilə, 100-ə qədər işçisi olan şirkətlərin 85%-də, 100-1000 nəfərdən ibarət işçi heyəti olan şirkətlərin 88%-də kadr tapmaq problemi var.
Demək olar ki, bütün sənaye sahələrində kəskin işçi çatışmazlığı var. Bunu, nəqliyyat və logistika şirkətləri (88%), sənayeçilər (87%), ticarət təşkilatları və xidmət müəssisələri (hər biri 86%) ehtiraf edirlər. Bankların 85%-i və İT şirkətlərinin 83%-i də kadr çatışmazlığı barədə məlumat verib.
Rusiya iqtisadiyyatı Vladimir Putinin Ukraynada başlatdığı müharibənin nəticəsi olan kütləvi səfərbərlik və 100 illik rekord mühacirət dalğasından sonra kadr çatışmazlığı ilə üzləşib.
"Ekspert RA”nın məlumatına görə, ötən ilin payızında ölkənin 67 rayonunda əmək resurslarının çatışmazlığı müşahidə olunub. Onların bəzilərində kadr çatışmazlığı 70-90%-ə çatıb. Ən pis göstəricilərə malik ilk 10 regiona İnquşetiya (94,1%), Sankt-Peterburq (69,1%), Perm diyarı (67%), Şimali Osetiya (66,4%), Tıva (61,4%), Moskva (52,2%), Saxalin (51,3%), Nenets Muxtar Dairəsi (35,9%), Tambov vilayəti (35,2%) və Altay Respublikası (34,8%) daxildir.
Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu dekabrda Rusiyada kadr çatışmazlığını 4,8 milyon nəfər olaraq qiymətləndirib. Noyabrda Mərkəzi Bankın sədri Elvira Nabiullina işçi qüvvəsinin çatışmazlığını iqtisadiyyatın əsas problemi adlandırıb. Oxşar fikri İqtisadi İnkişaf Nazirliyinin rəhbəri Maksim Reşetnikov da bildirib.
Nizami Bağırov