Xəbər lenti

Rusiya Soyuq müharibə dövründəkindən daha böyük casus şəbəkəsi yaradıb – FT
Dünya08:20 07.03.2024

Rusiya Soyuq müharibə dövründəkindən daha böyük casus şəbəkəsi yaradıb – FT

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Qərb dövlətləri ilə casus müharibəsini fəal şəkildə yeniləyir. Moskva Soyuq müharibə dövründəkindən daha böyük casus şəbəkəsi yaradıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Financial Times” yazır.
"Siçan-pişik oyunu geri döndü... Rusiyalıların fəaliyyəti Soyuq Müharibə dövründəki kimi, hətta daha yüksəkdir... Rusiya kəşfiyyatı nəhəng maşındır və o, həmişə etdiyi işi yenidən edir”, – Qərb kəşfiyyat rəsmiləri deyirlər. 
Qeyd olunur ki, demək olar, hər həftə hansısa məxfi əməliyyat meydana çıxır, bu da Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan bəri Rusiya kəşfiyyat xidmətlərinin Avropaya nə qədər nüfuz etdiyini göstərir.
Kəşfiyyat rəsmiləri və analitiklər bildirirlər ki, Kremlin rəhbərliyi altında kəşfiyyat əməliyyatlarının aktivləşdirilməsi 2022-ci ilin əvvəlində üzləşdikləri uğursuzluqlardan sonra Rusiya casusları arasında yeni əminlikdən xəbər verir. 
2022-ci ildə Ukraynanın işğalı Rusiya kəşfiyyatının Avropadakı işinə böyük maneələr yaradıb. Ümumilikdə, genişmiqyaslı müharibənin başlamasından sonra Aİ-dən 600 diplomat çıxarılıb, onlardan 400-ə yaxını diplomat adı altında fəaliyyət göstərən kəşfiyyatçı hesab olunurdu. Lakin O vaxtdan bəri Rusiya xüsusi xidmət orqanları Rusiyanın hərbi əməliyyatlarda uğur qazanma şansını artırmaq üçün casusluq işlərini yenidən qruplaşdırıb və modernləşdiriblər.
Nəşrin qeyd etdiyi kimi, FSB, QRU və SVR qitədə olan rusiyalılara daha çox diqqət yetirilməsi fonunda belə, Avropada məhv edilmiş casus şəbəkəsini qismən kompensasiya edə bilib.
FT yazır ki, Rusiya kəşfiyyat xidmətlərinin prioritetləri genişmiqyaslı müharibədən əvvəl olduğu kimi qalır: Qərb sirlərini oğurlamaq, NATO-da fikir ayrılıqlarını artırmaq və Ukraynaya dəstəyi zəiflətmək. Eyni zamanda, Rusiya daha yeni üsullara əl atır. 
Moskvanın əsas nou-hausu siyasətdən, biznesdən və ya mütəşəkkil cinayətkarlıqla məşğul olan digər ölkələrin vətəndaşlarından ibarət proksi qruplardan istifadənin artması olub. FT mənbələrindən birinin dediyinə görə, bu insanlar çox vaxt xüsusi olaraq Rusiya xüsusi xidmət orqanları üçün işlədiklərini bilmirlər - onlar sadəcə pul müqabilində verilən tapşırıqları yerinə yetirirlər.
Nəşr belə bir əməliyyata nümunə kimi Krasnoyarsk diyarının keçmiş qubernatoru Aleksandr Ussun oğlu Artyom Ussun İtaliyada ev dustaqlığından qaçmasını göstərir. Səlahiyyətlilərə görə, qaçış Rusiya kəşfiyyatının rəhbərliyi altında serb cinayətkar qruplarından biri tərəfindən təşkil edilib və iddia edilən təşkilatçı bunun üçün təxminən 50 min avro alıb.
Belə insanların istifadəsinin müsbət və mənfi tərəfləri var. Bir tərəfdən, FT-nin həmsöhbətləri deyirlər ki, bu, Rusiyanın agentlərlə əlaqəsi açıqlanacağı təqdirdə onları inkar etməyə imkan verir. Onlar həmçinin kommersiya sirlərini oğurlamaq, kompüter şəbəkələrini sındırmaq və ya sanksiyalardan yayınmaq üçün sxemlər yaratmaq kimi məsələlərdə "ənənəvi” casuslardan daha effektiv ola bilərlər. Digər tərəfdən, bu cür agentlər məxfilik qaydalarına etinasız yanaşa bilərlər və onların effektivliyi ümumiyyətlə adi işçilərdən xeyli aşağıdır. 
Digər çətinlik ondan ibarətdir ki, yerlərdə kuratorlar olmadan agentlərə nəzarət etmək çətindir. Analitiklərin fikrincə, Rusiya kuratorlar şəbəkəsini yenidən qurur - indi QRU fəal şəkildə hərbi keçmişi olmayan əməkdaşlar cəlb etməyə başlayıb ki, onlar üçün əfsanələr hazırlamaq daha asan olsun, bu da şübhə doğurmadan Avropa ölkələrində daimi məskunlaşmaq imkanı verəcək.
Eyni zamanda, Rusiya hələ də bəzi Avropa ölkələrində, məsələn, İsveçrə və Avstriyada diplomatik pərdə altında fəaliyyət göstərən agentlər vasitəsilə kəşfiyyat aparmağın "ənənəvi” metodundan istifadə etməkdə davam edir. Avstriya kəşfiyyat xidmətlərinin məlumatına görə, bu ölkələrdəki səfirliklərdə hələ də 150-yə yaxın agent fəaliyyət göstərir. FT-nin həmsöhbətlərindən biri deyib ki, Rusiyanın Avropadakı kəşfiyyat əməliyyatlarının demək olar ki, üçdə biri hazırda Vyana və Cenevrədən əlaqələndirilir.
Bundan əlavə, FT yazır ki, Rusiya Türkiyə və Birləşmiş Ərəb Əmirliklərindəki casus bazalarını gücləndirib və Aİ-dən qovulduğu iddia edilən bir neçə agent hazırda Serbiyada işləyir.
Nizami Bağırov