Xəbər lenti

Rusiya-Ukrayna müharibəsinin postsovet ölkələrinə təsiri - Kimi nə gözləyir?
Dünya14:10 03.03.2022

Rusiya-Ukrayna müharibəsinin postsovet ölkələrinə təsiri - Kimi nə gözləyir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya son zamanlar öz maraqlarını qorumaq adı ilə postsovet məkanında hər mənada xeyli aktivləşib. Kremlin bu aktivliyinin pik nöqtəsi isə bu gün Ukraynada cərəyan edən proseslərdir. 
Görünən odur ki, Rusiya öz məqsədlərinə çatmaq üçün Ukraynanı tamamilə ram etmək yolunu tutub. Yəni başladığı hərbi əməliyyatlar onu deməyə əsas verir ki, heç də separatçı Donbas respublikalarını tanımaq və onların qorumaqla kifayətlənmək niyyətində deyil. Kremlin ən ümdə məqsədi Ukraynanı tamamilə öz təsir dairəsinə qatmaq, öz çətiri altına salmaqdır. Bu mənada Rusiyaya qonşu ölkələr, xüsusən də postsovet məkanı Ukraynaya hadisələrinin nə ilə nəticələnəcəyini diqqətlə izləyir. Belə ki, ən azından postsovet ölkələrinin əksəriyyətinin gələcək taleyi hazırda məhz Ukraynada gedən müharibənin hansı sonluqla bitəcəyindən asılıdır. 
Başlanan müharibənin sonucu olaraq Rusiya ağır durumla üz-üzə qalsa, bu hal sözsüz ki, hazırda Moskvanın çətiri altında olmaq məcburiyyətində qalan ölkələrdə şimaldan ayrılmaq, uzaqlaşmaq meyllərini gücləndirəcək. Yəni həmin ölkələr güclünün yanında olmaq prinsipindən bəhrələnərək ələ düşən bu fürsətdən birmənalı olaraq maksimum yararlanmağa çalışacaq. Amma onu da unutmayaq ki, Rusiyanın durumu yuxarıda qeyd etdiyimiz senariyə uyğun olsa, Ukraynada istəyinə nail ola bilməyən Kreml bunun əvəzini, məsələn, Kiyevdən fərqli olaraq dünya birliyi tərəfindən ciddi dəstəyə malik olmayan Mərkəzi Asiya ölkələrindən çıxa bilər. Bu mənada Kremlin məğlubiyyətin acısını başqalarından çıxmaq üçün Özbəkistan, Türkmənistan, hətta Ermənistana münasibətdə də təhdidləri artıracağı istisna deyil. 
Ukrayna müharibəsi Kremlin istəyinə uyğun başa çatacağı təqdirdə isə aydın məsələdir ki, onun bədəlini birmənalı olaraq digər postsovet ölkələri də ödəməli olacaq. Bu halda həmin ölkələr istəsədə, istəməsə də, iqtisadi-siyasi, hərbi baxımdan daha sıx şəkildə Kremlin çətiri altına düşməyə məhkumdurlar. Belə olarsa, Gürcüstan, Moldova kimi ölkələrin NATO, AB arzuları da uzun müddətə puç olacaq. Bu ölkələrdə belə rusiyameyllilər müəyyən dərəcədə güclənəcək. Digər ətraf ölkələrinə gəldikdə, onların Qərblə az da olsa mövcud olan əlaqələri xeyli zəifləyəcək. Moskvanın onlar üzərində hegomonluğu isə daha da artacaq. 
Postsovet ölkələrindən yalnız Azərbaycan həmin tendensiyalardan heç bir itki vermədən çıxmaq qabiliyyəti və gücünə malikdir. Belə ki, rəsmi Bakının yürütdüyü ardıcıl və müstəqil siyasəti səbəbindən Ukrayna müharibəsindən Rusiyanın hansı sifətdə çıxmasının Azərbaycanın mövcud mövqeyinə heç bir təsiri olmayacaq.
Rüfət Sultan