Xəbər lenti

Rusiya - Ukrayna savaşı: Ötən bir il tərəflərə nə verdi?
Dünya09:31 25.02.2023

Rusiya - Ukrayna savaşı: Ötən bir il tərəflərə nə verdi?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın Ukraynaya qarşı hərbi təcüvüzə başlamasından artıq bir il vaxt keçir. Keçən ilin fevralın 24-də Putin "xüsusi hərbi əməliyyat” adı ilə Ukraynaya qarşı müharibəyə başladı. Müharibənin ilk günlərində çoxları elə zənn edirdi ki, Moskva 3 günə Kiyevə ələ keçirəcək. Lakin Ukrayna xalqının güclü müqavimətilə rastlaşan rus ordusu müharibənin ilk dövründə müəyyən qədər irəliləsə də, sonrakı dövrdə bunun əksi baş verdi. Ukrayna Ordusu əks-hücuma keçərək Sum, Çerniqov, Xarkov vilayətlərini və nəhayət, Xersonu düşməndən azad etdi. Ötən bir il ərzində Ukrayna ən azından işğal olunan ərazinin 52 faizini geri qaytara bildi.
Müharibə Ukraynaya böyük itkilər gətirib. Ölkənin ümumi daxili məhsulu 40 faizə qədər düşüb. 8 milyon insan xaricə pənah aparmalı olub. Şəhərlər, infrastruktur, iqtisadiyyat dağılıb. On minlərlə ukraynalı müharibənin qurbanı olub. Lakin bütün bu kimi çətinliklərə baxmayaraq, Ukrayna ayaq üstədir və düşmənə təslim olmur. Bu mübarizədə Ukraynaya ABŞ başda olmaqla Qərb ciddi dəstək verir. Məhz Qərbdən aldığı hərtərəfli dəstəyin nəticəsidir ki, bu gün Ukrayna Rusiyaya qarşı müharibədə duruş gətirə bilir. 
Müharibədən keçən bir il ərzində əsas zərbə birmənalı olaraq Rusiyaya dəyib. Rusiya bu təcavüz nəticəsində dünya birliyinin sanksiyalarına tuş gəlib. Artıq şimal ölkəsinə qarşı onuncu sanksiyalar paketi hazırlanır. Nəticədə, Rusiyanın 300 milyard dollardan artıq aktivi dondurulub və bu vəsaitlərin geri qaytarılacağı gözlənilmir. Həmin vəsaitlər sonda Ukraynanın dağıdılmış infrastrukturu və iqtisadiyyatının bərpasına yönəldiləcək. 
Rusiya müharibə nəticəsində Avropa kimi mühüm bazarı itirdi. Ona qədər Rusiya "köhnə dünya”nın neft və qaza olan təlabatının 60 faizini ödəyirdisə, artıq bu rəqəm 10 faizdən də aşağıdır. Rusiya əsas gəlir mənbəyindən məhrum olub. Onun öz istehsal məhsullarını Şərqə yönəltmək cəhdləri isə hələlik real nəticə vermir. 
Müharibə həm də rus ordusunun gücü barədə yayılan mifləri də alt-üst etdi. Son dövrlərə qədər rus ordusunun guya döyüşkən, güclü olması obrazı əksər düşüncələrdə hakim olsa da, Ukrayna xalqının müqaviməti bu mifi də darmadağın etdi. Müharibə əksinə, rus ordusunda həm texnoloji, silah-sursat, həm də nizam-intizam baxımından çoxsaylı çatışmamazlıqların olduğunu üzə çıxardı. Başlıcası, Rusiyanın dünyada olan-qalan nüfuzu da sarsıldı. Artıq dünyanın sivil kəsimi Rusiyanı təcavüzkar, beynəlxalq qanun və öhdəliklərə əməl etməyən bir ölkə kimi xarakterizə edir. Hətta bir sıra hallarda Putini Hitlerlə də eyniləşdirirlər. 
Son aylar Rusiyanın cəbhədə vəziyyəti dəyişmək üçün bəzi addımlar atmağa çalışdığı hiss olunur. Bu müstəvidə onların yenidən genişmiqyaslı hücuma keçəcəkləri bildirilir. Yaranmış vəziyyətdə isə Ukrayna hərbi texnika baxımından daha da gücləndirilir. Ukrayna artıq "Leopard” tanklarını alıb. Hətta qırıcı təyyarələrin verilməsi də gəzlənilir. Belə olan halda Rusiyanın yeni hücum cəhdinin də nəticə verməyəcəyi istisna deyil. Əksinə, aprel-may aylarına doğru Ukraynanın əks-hücuma keçib, yeni əraziləri azad edəcəyi gözlənilir. 
Bir ildir davam edən müharibə fonunda Qərb dövlətləri arasında mövcud olan birlik daha mükəmməl xarakter aldı. Hətta müharibə bu birlik daxilində əvvəllər mövcud olan ziddiyyətlərin aradan qaldırılmasına səbəb oldu. Putin isə düşünürdü ki, müharibə Qərb dövlətləri arasında həmrəyliyə zərbə vuracaq. Lakin onun uzağı görməməzliyinin nəticəsidir ki, bu gün Finlandiya və İsveç kimi Rusiya sərhədində olan dövlətlər NATO-ya qəbul olunmaq ərəfəsindədirlər. Hələlik müharibənin necə bitəcəyilə bağlı qəti fikir bildirmək çətindir. Amma Rusiyanın böhrana yuvarlandığı və bu durumun özünü getdikcə daha kəskin şəkildə göstərəcəyi ehtimalı daha böyükdür. Ukrayna isə məhz Qərbin hərtərəfli dəstəyi sayəsində ən ağır dövrünü yaşamasına baxmayaraq,  qələbəyə yaxındır...
Rüfət Sultan