Pentaqonun internetə sızan məxfi sənədlərinə görə, FSB Rusiyanın Ukraynadakı itkilərinin 110 minə yaxınlaşdığını təxmin edib. Sənədlər Ukraynadakı müharibə zamanı Rusiya qurumlarının öz aralarında apardıqları mübarizəni nümayiş etdirirlər.
Qaynarinfo xəbər verir ki, bu barədə The New York Times
yazır.
Sənədlərdən birində deyilir ki, FSB Müdafiə Nazirliyi tərəfindən aparılan Rusiya itkilərinin hesablanmasını şübhə altına alır.
Sızdırılan sənədlərdən birində qeyd olunur ki, FSB-nin hesablamalarına görə, Rusiya tərəfindən öldürülən və yaralananların real sayı 110 min nəfərə yaxınlaşır. Danışıqları ABŞ kəşfiyyatı tərəfindən dinlənilən FSB zabitlərinin sözlərinə görə, Müdafiə Nazirliyi öz hesabatlarına Rosqvardiyanın əməkdaşlarını, Ramzan Kadırovun döyüşçülərini və "Vaqner”in muzdluları arasında olan qurbanlarını daxil etmir. Eyni zamanda, sızan sənədlərdə Müdafiə Nazirliyinin öz hesabatlarında nə qədər itki qeyd etdiyi barədə məlumat yoxdur.
ABŞ kəşfiyyatı belə nəticəyə gəlir ki, Rusiya ordusu "komandanlıq zəncirində pis xəbər yaymaq” istəmir.
Sızdırılan sənədlərdən də belə çıxır ki, prezident Vladimir Putin Yevgeni Priqojinlə Müdafiə Nazirliyi arasındakı münaqişəni şəxsən həll etməyə çalışıb. Amerika kəşfiyyatının məlumatına görə, Rusiyanın dövlət başçısı Priqojin və müdafiə naziri Sergey Şoyquya zəng edərək onları fevralın 22-də baş tutan birgə görüşə dəvət edib.
NYT-nin məlumatına görə, ABŞ kəşfiyyatının məlumatları, ehtimal ki, ilk növbədə elektron rabitənin ələ keçirilməsi yolu ilə əldə edilib. Sənədlər insan mənbələrindən çox az məlumat ehtiva edir.
Eyni sızdırılmış sənədlərdə Rusiyanın itkiləri ilə bağlı Amerika qiymətləndirməsi verilib. ABŞ xüsusi xidmət orqanları hesab edirdilər ki, fevral ayına olan məlumata görə, Rusiya ümumilikdə 189,5 mindən 233 minə qədər insan itirib, onlardan 43 mini ölüb. Rusiya hakimiyyəti sonuncu dəfə 2022-ci ilin sentyabrında, səfərbərlik elan edilən zaman itkilərin sayını rəsmən açıqlayıb. Sonra Şoyqu bildirib ki, müharibə başlayandan indiyədək 5937 rusiyalı əsgər həlak olub.
Nizami Bağırov