Rusiya Ukraynanı işğal etsə, Birləşmiş Ştatlar Avropanın tam təhlükəsizliyini təmin edəcək qədər qüvvə və texnikanı Avropaya köçürə bilməyəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə Müharibənin Tədqiqi İnstitutunun (ISW) hərbi analitikləri yeni
hesabatda yazır.
Bundan əlavə, Vaşinqton kimə kömək edəcəyi arasında ağrılı seçim etməli olacaq: Avropa və ya Tayvan. Ekspertlərin fikrincə, ABŞ hər iki münaqişədə tam iştirak edə bilməyəcək.
Ekspertlər hesab edir ki, Ukrayna ilə müharibədə Rusiyanın tam qələbəsi hələ də mümkündür. Bu, Vaşinqtonun Kiyevi müharibə aparmaq üçün kifayət qədər maliyyə resursları ilə təmin edə bilməyəcəyi təqdirdə baş verə bilər.
Rusiyanın Ukrayna ərazisini tamamilə ələ keçirməsi Avropada qüvvələr balansını əsaslı şəkildə dəyişəcək. Moskva Polşa, Slovakiya, Macarıstan və Rumıniya ilə sərhədlərdə yeni hərbi birləşmələr yarada biləcək. Orada Rusiya üç ordunu - 8-ci, eləcə də Ukraynada müharibə üçün yaradılmış 18-ci və 25-ci ümumqoşun ordularını yerləşdirə biləcək.
Moskva həmçinin ölkənin cənub-qərbində və şimalında iki diviziya - hava-desant qüvvələri və motoatıcılar yerləşdirməklə Belarusdakı hərbi mövcudluğunu artıra biləcək. Bütün bunlar Rusiyaya bir və ya bir neçə NATO ölkəsinə sürətli hücum təhlükəsi yaratmağa imkan verəcək, ISW yazır. Analitiklər qeyd edirlər ki, bu, Rusiyanın mövcud birləşmələrini NATO sərhədlərinə köçürəcəyini, Ukraynada yerləşdirilən digər qoşunların isə Rusiyaya qayıdacağını nəzərdə tutan mühafizəkar təxmindir.
NATO sərhədlərində yerləşdirilən Rusiya quru qoşun qüvvələri Baltikyanı ölkələri, demək olar ki, bütün Moldovanı, eləcə də Polşa, Rumıniya və Slovakiyanın əhəmiyyətli hissəsini tamamilə əhatə edəcək sıx hava hücumundan müdafiə şəbəkəsi ilə müdafiə olunacaq.
Rusiyadan gələn təhlükənin qarşısını almaq üçün Vaşinqton quru qoşunlarının və dronlarının əhəmiyyətli hissəsini Avropaya köçürməli olacaq. Dronlar yerləşdirərkən ABŞ üçün nəyin - Avropanın və ya Tayvanın qorunmasının daha vacib olduğu sual ortaya çıxacaq. Hər iki bölgəni effektiv şəkildə qorumaq üçün hazırda ABŞ ordusunun sərəncamında olan pilotsuz uçuş aparatlar kifayət etmir. Hətta bir müddət elə vəziyyət yarana bilər ki, ABŞ nə Rusiyaya, nə də Çinə müqavimət göstərə bilsin.
ISW yazır ki, Ukraynanın tam qələbəsi və 1991-ci il sərhədlərinə qayıtması halında NATO üçün hazırda mövcud olan təhlükələr, əksinə, zəifləyəcək. Krımda olan Rusiya təyyarələri alyansın cənub-şərq cinahını təhdid etməyi dayandıracaq, Qara dəniz əsasən alyansın "daxili gölü”nə çevriləcək və Rumıniyaya ən yaxın Rusiya qoşunları təxminən 800 km məsafədə olacaq.
Analitiklər yazır ki, Rusiya Ukraynanın qələbə qazanacağı təqdirdə Belarusda hərbi qüvvələrini yerləşdirəcək. Bununla belə, Belarus NATO qüvvələri və müstəqil Ukrayna ilə əhatə olunmuş dövlət olacaq. Baltikyanı ölkələri və Polşanın şimal-şərqini qorumaq vəzifəsi NATO-nun Qara dənizdən Şimal Buzlu okeanına qədər olan bütün sərhədini qorumaqdan daha məqbuldur, ISW vurğulayır.
ISW öz təhlilinə əsaslanaraq belə qənaətə gəlir ki, Vaşinqton üçün Rusiyanın Ukraynanı ələ keçirməsini gözləməkdənsə, indi onu maliyyə cəhətdən dəstəkləmək daha sərfəlidir.
Xatırladaq ki, daha əvvəl Almaniyanın "Bild” qəzeti kəşfiyyat mənbələrinə istinadən yazıb ki, Vladimir Putin Ukraynada müharibəni 2026-cı ilə qədər davam etdirmək və Xarkov və Dnepr şəhərlərinə nəzarəti ələ keçirmək niyyətindədir. Nəşrin mənbələrinə görə, Moskva Qərbin Ukraynaya dəstəyinin azalacağını gözləyir.
Moskvanın yeni hücum planları hazırlaya biləcəyini Rusiya hakimiyyətinin ritorikasının dəyişməsi də sübut edə bilər. Cümə axşamı Vladimir Putin "canl bağlantı” zamanı bildirib ki, Rusiya Ukraynanın "denasifikasiya”, "demilitarizasiya” və neytral statusu kimi "məqsədlərinə” nail olana qədər müharibə aparacaq. Yəni əslində müharibə başlayandan sonra ilk dəfə olaraq Rusiya prezidenti yenidən Kiyevin tam təslim olmasında israr etməyə başlayıb.
Nizami Bağırov