Xəbər lenti

Rusiya Ukraynanı Kiyevin öz raketləri ilə bombalayırmış – “Sxemı” (FOTO/VİDEO)
Dünya06:11 04.08.2023

Rusiya Ukraynanı Kiyevin öz raketləri ilə bombalayırmış – “Sxemı” (FOTO/VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya ordusu Ukraynanı 1990-cı illərin sonunda Kiyevin qaz borcunu ödəmək üçün Moskvaya təhvil verdiyi X-55 raketləri ilə atəşə tutur.
Qaynarinfo xəbər verir ki, bu barədə "Azadlıq radiosu”nun "Sxemı” layihəsinin araşdırılmasında deyilir. 
Araşdırmanı aparan jurnalistlər Ukrayna arxivində Ukrayna hökuməti (o vaxt baş nazir Valeri Pustovoytenkonun rəhbərlik etdiyi) ilə Vladimir Putinin başçılıq etdiyi Rusiya Nazirlər Kabineti arasında 1999-cu ildə imzalanmış saziş tapdıqlarını yazır.
Nəşr bildirir ki, Yaltada imzalanan müqavilə Rusiyaya səkkiz Tu-160 ağır bombardmançı, üç Tu-95MS və 575 X-55 qanadlı raketin verilməsini nəzərdə tuturdu.
Nəşr xatırladır ki, bunun müqabilində Moskva Kiyevin istehlak etdiyi qaza görə borcunu bağışlayıb.
"Sxemı” jurnalistləri Rusiyaya təhvil verilmiş raketlərin bütün nömrələri olan siyahını əldə etdiklərini və Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı zamanı istifadə edilən X-55 reaketlərin nömrələri ilə müqayisə etdiklərini yazır.
Nəticədə məlum olub ki, Ukraynadakı hədəfləri vuran ondan çox Rusiya raketi daha əvvəl Kiyev tərəfindən Moskvaya ötürülüb.
"Azadlıq radiosu”nun "Sxemı” layihəsi qəza yerlərində tapılan nömrələnmiş raketlərin fotoşəkillərini və 1999-cu il müqaviləsində olan silahların siyahısını dərc edir.
Nəşrin məlumatına görə, siyahıya 2023-cü ilin yanvar, may və aprel aylarında Kiyev və Kiyev vilayəti üzərində vurulmuş raketlər daxil edilib. "Sxemı” yazır ki, daha bir X-55 2022-ci ilin sonunda Kiyevdə yaşayış binasına, digəri isə Kiyev vilayətində bir evə dəyib.
X-55 qanadlı raketləri 1970-ci illərdə hazırlanıb və 1980-ci illərin əvvəllərində Sovet ordusunda xidmətə verilib. Onlar strateji bombardmançı təyyarələrdən buraxılır və nüvə silahı daşımağa qadirdirlər.
SSRİ-nin dağılmasından sonra Ukrayna dünyada üçüncü ən böyük nüvə potensialına malik idi, lakin dünyanın ən böyük nüvə dövlətləri - Rusiya, ABŞ və Böyük Britaniyanın təhlükəsizlik zəmanəti müqabilində nüvə silahından imtina etməyə razılaşıb (bu sənəd, 1994-cü ildə imzalanmış "Budapeşt Memorandumu" kimi tanınır).
Eyni zamanda, "Sxemı” keçmiş ukraynalı diplomatlara istinadən qeyd edir ki, X-55 raketləri və bombardmançıları Ukraynanın nüvə silahından imtina etmək öhdəliklərinə aid deyildi.
 
Nizami Bağırov