Rusiyanın Ukraynanın şərqindəki müdafiə xəttinin əsas dayaqlarından hesab olunan Konstantinovka şəhəri istiqamətində irəliləyişini davam etdirdiyi bildirilir.
Qaynarinfo xəbər verir ki, "Reuters" agentliyinin məlumatına görə, bəzi hərbi analitiklər şəhərin itirilməsini zaman məsələsi kimi qiymətləndirirlər.
Agentliyin yazdığına görə, döyüşlər artıq şəhər ətrafında gedir və kiçik rus hərbçi qrupları Konstantinovkanın kənar məhəllələrinə daxil olmağa çalışırlar.
Analitiklər hesab edirlər ki, bu hücum Rusiyanın canlı qüvvə üstünlüyünü qoruduğunu göstərir. Onların fikrincə, Ukraynanın orta mənzilli pilotsuz uçuş aparatları ilə endirdiyi zərbələr Rusiya ordusunun döyüş imkanlarını zəiflətsə də, hücumu dayandırmaq üçün kifayət etməyib.
Finlandiyanın "Black Bird Group" analitik mərkəzinin nümayəndəsi Emil Kastehelmi bildirib ki, Ukraynanın zərbələri Rusiyanın arxa cəbhəsində itkiləri artırsa da, Moskva bəzi istiqamətlərdə hücum əməliyyatlarını davam etdirmək imkanını hələ də saxlayır.
"Reuters"in qeyd etdiyi kimi, Konstantinovkanın ələ keçirilməsi Rusiya qüvvələrinə Ukraynanın şərqində yerləşən və "qala kəməri" adlandırılan müdafiə xətti boyunca şimala doğru irəliləmək üçün dayaq nöqtəsi verə bilər.
Bununla yanaşı, agentlik vurğulayır ki, mümkün irəliləyiş uzunmüddətli və ağır itkilərlə müşayiət oluna bilər. Bu ssenarinin əvvəllər Pokrovsk və Avdiivka uğrunda gedən döyüşlərə bənzəyəcəyi ehtimal edilir.
Rusiya Prezidenti Vladimir Putin ötən həftə Konstantinovkanın ələ keçirilməsinin yaxın olduğunu bəyan edib. Lakin Ukraynanın 19-cu Ordu Korpusunun komandirləri yerli mediaya açıqlamalarında bu iddianı şişirdilmiş adlandıraraq bildiriblər ki, şəhərə daxil olmağa çalışan kiçik rus qrupları məhv edilir.
"Donetsk" əməliyyat-taktiki qrupunun komandanı, general-mayor Viktor Nikolük isə daha əvvəl qeyd edib ki, mövcud müdafiə tempi və resurslarla Konstantinovkanı qorumaq mümkündür.
Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) analitikləri də hesab edirlər ki, taktiki vəziyyət Ukrayna üçün çətinləşsə də, Rusiya qüvvələrinin əldə etdiyi nəticələr hələlik sürətli əməliyyat yarılmasına imkan vermir.
Ukraynalı "DeepState" analitik qrupunun nümayəndəsi Ruslan Mikulanın sözlərinə görə, Rusiyanın şəhəri mühasirəyə almaq cəhdləri Ukrayna üçün müdafiənin dəyərini hər gün daha da artırır. Onun fikrincə, Ukrayna ya müdafiəni daha da gücləndirməli, ya da geri çəkilmə variantını nəzərdən keçirməlidir.
Emil Kastehelmi isə Konstantinovkanın itirilməsinin "daha çox zaman məsələsi" olduğunu bildirib.
Bölgədə xidmət edən hərbçilərin sözlərinə görə, Konstantinovkanın şimalına gedən əsas təchizat marşrutları artilleriya atəşi, pilotsuz uçuş aparatları və idarəolunan aviasiya bombalarının davamlı hücumları altındadır.
34 yaşlı ukraynalı hərbçi Oleksandr Kosmin bildirib ki, vəziyyət o qədər təhlükəlidir ki, həlak olanların və yaralıların adi nəqliyyat vasitələri ilə təxliyəsi mümkün deyil.
"Marşrut adi avtomobillərlə təxliyə üçün həddindən artıq təhlükəlidir. Bütün hərəkət piyada həyata keçirilir", deyə o bildirib.
Aydın
Şərhlər