"Şimal-Cənub” nəqliyyat dəhlizinin mövcud infrastrukturu həmin taxılı daşımağa imkan vermir və bu, Moskvanın düşünülmüş, təhlükəli variantıdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev Rusiya Milli Tədqiqat Universitetinin Ali İqtisadiyyat Məktəbinin professoru Andrey Baklanovun Rusiyanın taxıl ixracını "Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinə istiqamətləndirəcəyilə bağlı səsləndirdiyi fikrini şərh edərkən deyib:
"Baklanovun bu təklifi təxribat xarakterlidir. Rusiya Ukraynanın bütün taxıl resurslarını tam nəzarətə götürmək istəyir. Kreml bu yolla etdiyi qanunsuzluqları ötr-basdır etməklə, həm Ukraynanı çətin vəziyyətə salmaq, həm də dünyanı aldatmaq istəyir. Çünki "Şimal-Cənub” deyəndə Ukrayna taxılı Rusiyanın ərazisindən keçərək, Azərbaycana gəlməli, oradan da lazımi ünvana getməlidir. Başlıcası isə odur ki, "Şimal-Cənub” nəqliyyat dəhlizindəki dəmir yolunun yükdaşıma qabiliyyəti həmin şərtlərə cavab vermir. Yəni, istəsələr də belə, mövcud dəmir yolu infrastrukturu taxıl daşınmasını həyata keçirməyə imkan verməyəcək. Bu halda "Şimal-Cənub” dəhlizi İran üzərindən getməlidir. Lakin İrana dəmir yolu xətti alınmır. Bütün hallarda mövcud infrastruktur həmin taxılı daşımağa imkan vermir. Mümkünsüz olan variantı gündəmə gətirməklə Moskva həm özünün söz sahibi olduğunu, həm də Rusiyasız heç nə edə bilməyəcəklərini göstərmək istəyir”.
Qeyd edək ki, Rusiya Milli Tədqiqat Universitetinin Ali İqtisadiyyat Məktəbinin professoru Andrey Baklanov Rusiyanın taxıl ixracını "Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinə doğru istiqamətləndirməsini təklif edib. Bu təkliflə o, RİA Novosti-yə açıqlamasında çıxış edib. Ekspert hesab edir ki, bu baxımdan perspektivli sahələrdən biri "Şimal-Cənub” nəqliyyat dəhlizi ola bilər.
Rüfət Sultan