Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Ukraynanın Donbasda törətdiyi iddia edilən cinayətlərə görə öz "tribunalı”nın yaradılmasının zəruriliyini bəyan edib.
Bu barədə Qaynarinfo onun "Rossiyskaya qazeta”ya müsahibəsinə istinadən xəbər
verir.
"İndiki perspektivdə BMT-nin nəzdində belə bir tribunalın yaradılması son dərəcə şübhəlidir. MDB, KTMT, BRİKS, ŞƏT kimi təşkilatlardakı rusiyalı tərəfdaşlarla bu məsələnin işlənilməsi daha məqsədəuyğun olardı", - Bastrıkin bildirib.
Rusiya Federasiyası İstintaq Komitəsinin rəhbərinin sözlərinə görə, məhkəmənin yaradılması və onun nizamnaməsi Rusiya ilə təşkilata üzv olan ölkələr, həmçinin "L/DXR” arasında razılaşma ilə rəsmiləşdirilə bilər.
Eyni zamanda, Bastrıkin fikrini yekunlaşdıraraq bildirib ki, Ukraynaya "neytral” ölkələr” "tribunala” qoşulmalıdır. Xüsusilə Suriya, İran və Boliviya.
Nizami Bağırov