Rusiya "Vaqner” özəl hərbi şirkətin geri çəkilməsi ilə yaranan boşluqları doldurmaq üçün Ukraynaya daha çox çeçen döyüşçü və məhkum göndərməyi planlaşdırır.
Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg" Avropa kəşfiyyat rəsmilərinə istinadən məlumat
yayır.
"Bloomberg"in anonimlik şərti ilə danışdığı rəsmilərə görə, "Vaqner” özəl hərbi şirkətinin çıxmasının Ukraynadakı müharibənin gedişatını dəyişməməsindən asılı olmayaraq, Vladimir Putinin ümumi səfərbərlikdən qaçmaq cəhdləri Rusiyanın yaxın həftələrdə cəbhə bölgələrinə daha çox çeçen və məhkum göndərməsi ehtimalı deməkdir.
Qeyd edilir ki, Çeçenistanın nə qədər hərbçi təmin edə biləcəyi hələlik məlum deyil. Çeçenistan lideri Ramzan Kadırov may ayında öz "Telegram" kanalında bildirib ki, 7 min hərbçi artıq Ukraynadadır, daha 2400 hərbçi isə Rusiya Müdafiə Nazirliyinin iki yeni alayı üçün hazırlanır.
"Bloomberg" həmsöhbətlərinin fikrincə, Ukraynanın əks-hücum əməliyyatı zamanı Rusiya bölmələri tükənmək təhlükəsi ilə üzləşib.
Rəsmilər, "Vaqner”in şəhərdən çəkildiyini elan etməsindən sonra Rusiyanın Baxmuta çox sayda əsgər yerləşdirdiyini və bunun Ukraynanın cənubunda işğal olunmuş bölgələrdə əsgər çatışmazlığına səbəb olduğunu bildirib.
May ayında rusiyalı jurnalistlərə verdiyi müsahibədə "Vaqner”in lideri Yevgeni Priqojin deyib ki, o, Baxmut uğrunda gedən döyüşlər zamanı 20 min əsgər itirib. O, iddia edib ki, döyüş meydanında 50 minə yaxın məhkum edilmiş muzdlu əsgər yerləşdirilib.
Nizami Bağırov