BMT Təhlükəsizlik Şurasında səsvermə zamanı Rusiya, Çin və BƏƏ ABŞ-ın Fələstin-İsrail münaqişəsi ilə bağlı qətnamə layihəsinə veto qoyub. Sənədin lehinə 10 ölkə səs verib, Mozambik və Braziliya bitərəf qalıb.
Bunun ardınca BMT Təhlükəsizlik Şurası Rusiyanın Fələstin-İsrail münaqişəsi ilə bağlı qətnamə layihəsini qəbul etməyib. Layihə Çin, Qana və BƏƏ tərəfindən dəstəklənib. ABŞ və Böyük Britaniya bunun əleyhinə səs verib. 9 ölkə bitərəf qalıb.
Qaynarinfo xəbər verir ki, Təhlükəsizlik Şurasının iclasları BMT-nin saytında yayımlanıb.
ABŞ-ın təklif etdiyi qətnamə layihəsində deyilir ki, tərəflər Fələstinin HƏMAS hərəkatının İsrailə qarşı hücumlarında həyata keçirdiyi iyrənc terror aktını "birmənalı şəkildə rədd edir və pisləyir”. Lakin sənəddə atəşkəs çağırışı yoxdur. Bundan əlavə, layihədə bütün ölkələrin özünümüdafiə hüququ vurğulanır və HƏMAS-ın Qəzza zolağında saxladığı girovların dərhal azad edilməsi tələb olunub.
Rusiyanın irəli sürdüyü qətnamə layihəsində dərhal atəşkəs əldə edilməsi, Qəzza zolağı sakinlərinin cənuba doğru hərəkət etməsi əmrinin ləğvi, humanitar dəhlizlərin təşkili və mülki girovların azad edilməsi tələb olunub. Sənəd oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumunu, eləcə də "Qəzzada mülki şəxslərə və mülki infrastruktura qarşı ayrı-seçkilik olmadan hücumları” pislənir.
Nizami Bağırov