Dünya 12:31 12.07.2022

Rusiya və Belarus 2024-cü il Olimpiadasından kənarlaşdırılır

Beynəlxalq Olimpiya Komitəsinin funksionerləri Belarus və Rusiya idmançılarının 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarında iştirak imkanlarına şübhə ilə yanaşırlar.

Qaynarinfo "The Guardian”a istinadən xəbər verir ki, bu barədə BOK üzvü Kreyq Ridi bildirib.

Ukraynaya qarşı təcavüzün davam etməsi Rusiya Federasiyası və Belarus idmançılarının 2024-cü il Oyunlarına getmək şanslarını faktiki olaraq sıfıra endirir. Oradakı idmançıların əksəriyyəti müvafiq federasiyalar tərəfindən diskvalifikasiya olunur ki, bu da onları Olimpiadaya vəsiqə hüququndan məhrum edib.

"Federasiyalar aydın göstərişlər alıb və rusları, belarusları yarışa dəvət etməmək barədə razılığa gəliblər. Bu baxımdan, mənim fikrimcə, onların vəsiqə qazana biləcəyi ehtimalı azdır. İstisnalar tennis, cüdo və velosiped idmanıdır, burada federasiyalar fərqli hərəkət ediblər", - Ridi bildirib.

Növbəti Yay Olimpiya Oyunlarının 2024-cü ilin iyul-avqust aylarında keçirilməsi planlaşdırılır. Paris hələ 2017-ci ildə Beynəlxalq Olimpiya Komitəsinin Limada keçirilən sessiyasında yarışın ev sahibi seçilib.

Daha əvvəl BOK prezidenti Bax bəyan edib ki, Belarus və Rusiya idmançılarının beynəlxalq yarışlarda iştirakına qoyulan məhdudiyyətlərin aradan qaldırılması üçün heç bir ilkin şərt yoxdur. Olimpiya funksionerləri məhdudiyyətləri uzatmaq üçün daim federasiyalarla işləyirlər.

Yeri gəlmişkən, Beynəlxalq Olimpiya Komitəsi Rusiya Federasiyası və Belarusun iki Olimpiadanın yayım hüququ ilə bağlı tenderdə iştirakına icazə verməyib.

Nizami Bağırov