Bu günlərdə Rusiyanın Tehrandakı səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb. İran körfəzindəki üç mübahisəli ada ilə bağlı Rusiya və Fars Körfəzi Əməkdaşlıq Şurası arasında strateji danışıqların 6-cı mərhələsinin yekun bəyanatında yer alan fikirlərlə bağlı olaraq səfir Aleksey Dedova etiraz notası təqdim edib.
Qeyd edək ki, Əməkdaşlıq Şurasının Moskvada keçirilən iclasın yekunlarına dair Rusiya-BƏƏ ortaq Bəyanatında Böyük Tunb, Kiçik Tunb və Əbu Musa adaları ilə bağlı problemin beynəlxalq hüquq normaları çərçivəsində həllinin vacibliyi vurğulanıb. Tehran tələb edir ki, Rusiya sözügedən adaların İrana məxsus olduğunu bəyan etsin. İran həmçinin, bu məsələ ilə bağlı müzakirələrə ehtiyac olmadığını qeyd edir. Lakin Əbu-Dabi bunun əksini iddia edir. Həmin adalarda zəngin neft ehtiyatlarının olması səbəbindən iki ölkə arasında mübahisə də qızışır. 1971-ci ilədək Böyük Britaniyanın protektoratlığı altında olan adalar BƏƏ-yə qaytarılıb. Lakin sonradan İran onları işğal edib. Hazırda İran Ukraynada müharibə aparan Rusiyaya mühüm silahlar göndərən tək-tük ölkələrdəndir. Rusiya Ukrayna şəhərlərini məhz İrandan aldığı raketlərlə vurur. Bu iki ölkə həmçinin Suriyada əməkdaşlıq edir. Amma bununla belə, Rusiyanın 3 adaya münasibətdə BƏƏ-ni haqlı hesab etməsi Moskva ilə Tehran arasında münasibətlərdə müəyyən gərginlik yaradıb. Yaranmış vəziyyətdə İranın dövlətə yaxın bir sıra KİV-ləri Rusiyanı ittiham etməyə başlayıblar. Onlar Rusiyanı kafir adlandırmaqdan da çəkinmir.
Rusiya ilə İran arasında olan bu gərginlik iki ölkə arasında münasibətlərə necə təsir edəcək?
Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltanın Qaynarinfo-ya açıqlamasında bildirib ki, Moskvanın həmin addımı Rusiya ilə İran arasında böyük diplomatik qalmaqala, iki ölkə arasında ciddi mübahisəyə səbəb olacaq məsələ deyil:
"Bu hal onu göstərir ki, Rusiya İranın müttəfiqi deyil. İki ölkə ancaq mövcud ictimai, siyasi, hərbi şərtlər daxilində tərəfkeşlik etməyə məhkum və məcburdurlar. İranda gözəl bilirlər ki, Rusiya Tehranın tarixi və ənənəvi düşmənidir. Rusiya ilə Qacarlar arasında müharibə nəticəsində, İran böyük əraziləri Moskvaya təhvil verməli olub. Bu son hadisə də göstərdi ki, Moskva İranın ərazi bütövlüyünü tam olaraq tanımır. Tanısa da, müəyyən mübahisəli məsələlərin olduğunu da qeyd edir. Rusiyadan qabaq anoloji hadisə ötən ilin dekabrında Çinlə də baş vermişdi”.
Həmsöhbətimizə görə, perspektivdə İranda hər hansı bir dəyişiklik olarsa, ondan sonrakı dövrdə BƏƏ-in həmin adalar üzərində öz suveren hüququnu bərpa etməyə cəhd edəcəyi ehtimal olunur:
"Ona görə də, BƏƏ tərəfindən həmin 3 ada məsələsi son zamanlar tez-tez gündəmə gətirilir. Ola bilər ki, ərəb dünyası qarşı hər hansı bir müqavilə imzalayanda, adalar məsələsinin gündəmə gəlməsini şərt kimi qoysunlar. Rusiya ilə əməkdaşlıq məsələsində də belə bir şərtin qoyulduğu istisna deyil. Moskva da problemin diplomatik yolla həll olunmasını istədiyini bildirib. Rusiyanın bu addımı onun İranla münasibətlərinin gərginləşməsinə gətirib çıxarmayacaq”.
Rüfət Sultan