Rusiya və İran Rusiyanı Hind okeanına birləşdirəcək nəhəng ticarət yolunun işə salınması üzərində fəal şəkildə çalışır və bununla da, şirkətlərinin Asiya bazarlarına çıxışını asanlaşdırır.
Qaynarinfo bu barədə "Bloomberg"ə istinadən xəbər verir.
Yeni ticarət yolunun uzunluğu təqribən 3000 km olacaq və Moskvanı, Sankt-Peterburqu İranın paytaxtı Tehrandan keçməklə Hindistanın Mumbayındakı son məntəqə ilə birləşdirəcək. Hər iki tərəf müvafiq infrastrukturun tikintisini sürətləndirib, həmçinin bütün ticarət marşrutu boyunca limanların, çay kanallarının və dəmir yollarının nəqliyyat imkanlarının genişləndirilməsinə sərmayə qoyur.
"Bloomberg" qeyd edir ki, layihəyə qoyulacaq investisiyalar 20 milyard dollardan artıqdır, lakin onun əsas üstünlüyü ondan ibarətdir ki, praktiki olaraq Qərb ölkələrinin sanksiya təzyiqinə əl çatmazdır.
Nəşr yazır ki, artıq Qərb ölkələrinin sanksiyaları altında olan onlarla İran gəmisi Xəzər dənizində fəaliyyətini gücləndirib və ticarət yolu ilə hərəkət edir. Agentlik İran və Rusiyanın yaxınlaşmasını böyük dövlətlərin geosiyasi bloklar təşkil etmək cəhdi ilə qurulmuş iqtisadi mənzərəni dəyişməyə necə hazır olduqlarının bariz nümunəsi adlandırır. Yeni marşrutun əsas məqsədi Qərb ölkələrinin iqtisadiyyata müdaxiləsini minimuma endirmək və Asiyanın böyüyən bazarlarına çıxış əldə etməkdir.
"Söhbət, bütün ticarət yolu boyunca sanksiyalara davamlı təchizat zəncirlərinin yaradılmasından gedir”, deyə Londonda yerləşən Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun sanksiyalar və Rusiya xarici siyasəti üzrə eksperti Mariya Şagina bildirib.
Layihəyə qoyulan investisiyaların ümumi həcmini 25 milyard dollar civarında qiymətləndirən Şagina həmçinin qeyd edir ki, iki ölkənin ciddi sanksiyalar altında belə iddialı layihə həyata keçirməsi Qərb ölkələrini narahat etməyə bilməz. Onlar qadağan olunmuş malların, ilk növbədə silahların tədarükünün qarşısını almağa çalışır və yeni ticarət yolunun yaradacağı bütün boşluqları aradan qaldırmaq niyyətindədirlər. Ekspert əmindir ki, İran və Rusiya bu şəkildə Qərblə "siçan-pişik” oynamağa davam edəcək.
ABŞ hakimiyyəti layihədən xəbərdardır və onun həyata keçirilməsini fəal şəkildə izləyir. Ağ Evin nümayəndəsi, sanksiyalar üzrə müşavir Ceyms O'Brayen təsdiqləyib ki, Rusiya Dəmir Yollarının ali rəhbərliyinə qarşı sanksiyalar digər məsələlərlə yanaşı, bu ticarət yolunun inkişafı ilə əlaqədar tətbiq edilib. O, qeyd edib ki, ABŞ administrasiyası Qərbin sanksiyalarından yan keçmək cəhdlərini dayandırmaq niyyətindədir və bütün dünyaya "heç kəsin gizlədə bilməyəcəyini” göstərməyə çalışacaq. Birləşmiş Ştatlar Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünü davam etdirə bilməsi üçün Moskva və Tehranın yeni marşrut üzrə silah tədarükünü gücləndirəcəyindən ehtiyat edir.
"Bloomberg" qeyd edir ki, bununla belə, sırf hərbi məqsədlərdən əlavə, layihənin geniş iqtisadi perspektivləri var. Nəşr bildirir ki, böyük miqdarda enerji resursları, eləcə də kənd təsərrüfatı məhsulları ənənəvi olaraq Volqa və Don çayları vasitəsilə göndərilir. Tərəflər artıq turbinlərin, polimerlərin, ehtiyat hissələrinin və tibbi malların çatdırılmasını nəzərdə tutan əməkdaşlıq müqavilələri bağlayıblar - hazırda Rusiya daxildə bu malların kəskin çatışmamazlığı ilə üzləşib. Əks istiqamətdə, məsələn, Buşehrdəki İran reaktoru üçün nüvə yanacağı gedir. Rusiya üçün İran Avropa bazarlarına göndərilən hasilatının bir hissəsini yönləndirməkdə daha bir fürsətdir.
Düzdür, hamı Qərbin yeni ticarət yolunun total nəzarətinə keçəcəyinə inanmır. Məsələn, Qətər Universitetinin Fars körfəzi üzrə eksperti, 2006-2009-cu illərdə Tehranda rus diplomatı kimi çalışmış Nikolay Kojanov əmindir ki, dəniz ticarət yolları qismən nəzarətə götürülə bilər, lakin daxili yollar yox, xüsusən söhbət quru yollardan gedirsə.
"Dəniz zolaqlarına nəzarət edə bilərsiniz, lakin quru zolaqlarını izləmək çətindir. Hər kəsi izləmək demək olar ki, mümkün deyil”, Kojanov qeyd edir.
Rusiya və İran ikitərəfli əməkdaşlığın perspektivlərinə müsbət baxır. Bu yaxınlarda Tehrana səfəri zamanı Ticarət və Sənaye Palatasının rəhbəri Sergey Katırin bildirib ki, tərəflər İranla ticarət dövriyyəsini təxminən 8 dəfə - indiki 5 milyard dollardan 40 milyard dollara çatdırmaq niyyətindədirlər. Həmçinin İran çox yaxın gələcəkdə bir neçə iqtisadi birliklərə üzv ola bilər. Söhbət Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT), BRİKS və hətta Avrasiya İqtisadi İttifaqından (Aİİ) gedir. İran hakimiyyəti Qərblə bütün təmasları sıfıra endirmək üçün "şərq oxu” yaratmaq istəyindən açıq şəkildə danışır. Agentliyin qeyd etdiyi kimi, bu cür düşüncə 20-ci əsrin əvvəllərinə bənzətməklə hərbi-siyasi ittifaqların canlanmasına və dünya iqtisadiyyatının parçalanmasına gətirib çıxara bilər.
Nizami Bağırov