Xəbər lenti

Rusiya yaşı 40-dan yuxarı olanlar üçün səfərbərlik elan etməyə hazırlaşır
Dünya12:46 20.05.2022

Rusiya yaşı 40-dan yuxarı olanlar üçün səfərbərlik elan etməyə hazırlaşır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyada 40 yaşdan yuxarı rusiyalılara və 30 yaşdan yuxarı əcnəbilərə orduya yazılmağa icazə verən qanun layihəsinə baxılacaq. 
Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiya Duması xəbər yayıb. 
Parlamentin aşağı palatası olan Dövlət Dumasının saytında deyilir ki, bu addım orduya yaşlı mütəxəssislərin bacarıqlarından istifadə etməyə imkan verəcək.
"Yüksək dəqiqlikli silahların istifadəsi, silah və hərbi texnikanın istismarı üçün yüksək peşəkar mütəxəssislər lazımdır. Təcrübə göstərir ki, 40-45 yaşlarında olanlar bu təcrübəyə sahiblənmiş olurlar”,- Dumanın saytına yazılıb.
Hazırda orduya yazılmağa müqaviləni yalnız 18-40 yaşlı rusiyalılar və 18-30 yaşlı əcnəbilər bağlaya bilər.
Ukraynanın, demək olar ki, bütün yetkin kişi əhalisini səfərbər etdiyi 86 günlük müharibədə Rusiya böyük uğursuzluqlar və ağır insan və texnika itkiləri ilə üzləşib. Mariupolun xarabalıqlarına tam nəzarəti ələ keçirməsinə baxmayaraq, Moskva Ukraynanın şərqindəki bütün Donbas bölgəsini ələ keçirmək hədəfindən uzaqdır.
"Aydındır ki, ruslar problem içindədir. Bu, öz əhalisini təlaşlandırmadan ehtiyat qüvvə çatışmazlığını həll etmək üçün edilən son cəhddir. Lakin Kremlin Ukraynadakı uğursuzluqlarını ört-basdır etmək getdikcə çətinləşir", - keçmiş ABŞ generalı Ben Hoces deyib.
Britaniyanın təhlükəsizlik və müdafiə üzrə analitik mərkəzi olan RUSI-nin mütəxəssisi Cek Uotlinq isə bildirir ki, Rusiya ordusunun piyada qoşunları azalır. 
"Rusiya Ukraynadakı hərbi hissələrində şəxsi heyəti stabilləşdirməli və yerdəki mövqeyini yaxşılaşdırmaq istəyirsə, yeni birliklər yaratmalıdır. Bu, yavaş və mürəkkəb proses olacaq, lakin mövcud bacarıqlara və hərbi təcrübəyə malik insanları səfərbər etməklə bu prosesi sürətləndirmək olar”,- o deyib.
Duma bildirib ki, təklif olunan qanun həm də mülki tibb işçilərinin, mühəndislərin, əməliyyat və rabitə mütəxəssislərinin işə götürülməsini asanlaşdıracaq.
Nurlan Hüseynov