BMT-nin Zaporojye atom elektrik stansiyasını yoxlamaq üçün göndərəcəyi MAQATE missiyası Kiyevdən gələcəksə, Rusiya onun təhlükəsizliyinə zəmanət verməyəcək.
Qaynarinfo TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici işlər nazirliyinin Silahların yayılmaması və silahlara nəzarət departamentinin direktor müavini İqor Vişnevetski
deyib.
"Ukrayna silahlı qüvvələrinin dağınıq silahlı birləşmələr olduğunu nəzərə alsaq, cəbhə xətti boyu böyük risk var. Bu insanlar istənilən təxribat törətməyə hazır olacaqlar”, - o, BMT Baş katibinin nümayəndəsi Stefan Düjarrikin missiyanın təklif olunan marşrutu ilə bağlı bəyanatını şərh edərkən bildirib.
Diplomatın sözlərinə görə, beynəlxalq müfəttişlər Kiyevdən keçsələr, "onların başına hər şey gələ bilər”. O xatırladıb ki, Rusiya onlara öz marşrutunu təklif edib.
Moskva hərbçilərin stansiya ərazisindən çıxarılması ilə bağlı çağırışları da "məsuliyyətsiz” adlandırıb. Vişnevetski vurğulayıb ki, MAQATE təhlükəsizlik məsələləri ilə məşğul olmamalıdır.
"MAQATE obyektlərə baxışla gəlir, öhdəliklərin yerinə yetirilib-yetirilmədiyini, yəni stansiyada nüvə materialının dinc məqsədlər üçün istifadə edilib-edilmədiyini yoxlayır. MAQATE-nin məqsədi və mandatı budur. Əgər yoxlama stansiyanın fəaliyyətinə hər hansı müdaxiləyə diqqəti cəlb edərsə, təbii ki, öz hesabatlarında bunu təsvir edəcək və bu barədə danışılacaq. Qalan hər şey agentliyin məsuliyyətində deyil”, - diplomat yekunlaşdırıb.
Stefan Dujarrik bazar ertəsi Nyu Yorkda bildirib ki, Kiyevdən Zaporojye atom elektrik stansiyasına gedən yolda BMT-in MAQATE missiyasını təchiz etmək və təhlükəsizliyini təmin etmək imkanı var.
Xatırladaq ki, Rusiya ordusu martın əvvəlində Zaporojye atom elektrik stansiyasını ələ keçirib, lakin ona hələ də ukraynalı mühəndislər tərəfindən xidmət göstərilir. Son həftələr stansiyanın ərazisi bir neçə dəfə atəşə tutulub, buna görə Kiyev və Moskva bir-birini günahlandırır. İndi obyekt enerji bloklarından birinin dayanması, azot-oksigen stansiyasının və yardımçı binanın zədələnməsi səbəbindən radiasiya və yanğın təhlükəsizliyi standartlarının pozulması riski ilə işləyir.
Moskva bildirir ki, hərbçilər stansiyada yalnız müharibə zamanı onu qorumaq üçün yerləşdirilib. Eyni zamanda Rusiya MAQATE-yə obyekti yoxlamağa icazəni o halda verir ki, Ukrayna "missiya üzvlərinin təhlükəsizliyinə təminat verərsə”. Kiyev həmçinin BMT və MAQATE-nin birgə missiyasını stansiyaya göndərməkdə və ərazisini demilitarizasiya etməkdə israrlıdır.
Nizami Bağırov