Veliki Novqorod (Rusiya Federasiyası) yerli sakin, 16 ildir federal axtarışda olan "Novaja Gazeta-Europe"nın baş redaktoru Kirill Martınovun həyat yoldaşı Antonina Martınova saxlanılıb.
Qaynarinfo "İnterfaks"a
istinadən xəbər verir ki, bu barədə Novqorod Vilayət Məhkəməsinin mətbuat xidməti məlumat yayıb.
Məhkəmənin mətbuat xidmətindən verilən məlumata görə, qadın iki yaşlı qızını öldürməyə cəhddə ittiham olunub. O, 16 il istintaqdan gizlənə bilib.
"Martın 22-nə qədər Martınova qızı Alisa ilə birlikdə federal axtarışda idi, indi istintaq təcridxanasındadır", deyə mətbuat xidmətinin bəyanatında bildirilir.
Hüquq-mühafizə orqanları əməkdaşlarının təqsirləndirilən şəxsi harada və hansı şəraitdə saxladığı hələlik məlum deyil. Martınovanın işi üzrə məhkəmə iclası vilayət məhkəməsində aprelin 16-na təyin edilib.
İstintaqın məlumatına görə, 2007-ci ilin fevralında 21 yaşlı Martınova iki yaşlı qızı Alisanı yaşayış binasının girişində pilləkənlərdən aşağı atıb. Uşaq ağır xəsarət alıb. Martınova Alisanın özbaşına yıxıldığını və baş verənlərin qəza olduğunu iddia edib. Yeganə şahid yuxarı mərtəbədəki enişdə dayanan 11 yaşlı uşaq olub. O, qadının qəsdən qızı itələdiyini bildirib.
Qapalı keçirilən prosesdə məhkəmə heyəti Martınovanı təqsirli bilib. Hökm elan olunmazdan əvvəl o, qızı ilə birlikdə gizlənib. İndi onu ömürlük həbs cəzası gözləyir.
Qadının əri Kirill Martınov gazeta.ru-ya açıqlamasında arvadının təqsirli bilinməsi barədə xəbəri təsdiq edib. O, həyat yoldaşının bağışlanmağa layiq olmadığını bildirib.
Qeyd edək ki, ötən ilin 23 iyununda Rusiya Federasiyasının Baş Prokurorluğu "Novaja Gazeta-Europe"nın fəaliyyətini arzuolunmaz hesab edib. "Yoxlamanın nəticələrinə əsasən, Baş Prokurorluq "Novaja Gazeta-Europe" (Latviya) xarici təşkilatının Rusiya Federasiyasının ərazisində fəaliyyətini arzuolunmaz hesab etmək barədə qərar qəbul edib", deyə Baş Prokurorluqdan bildirilib.
Prokurorluq xatırladıb ki, "təşkilat" Rusiya vətəndaşı olan və Rusiya Federasiyasında xarici agent kimi tanınan jurnalist Kirill Martınov tərəfindən yaradılıb.
Aydın
Şərhlər