Komsomolsk-na-Amurda Texniki Universitetdə təhsil alan Tacikistandan olan tələbələr xüsusi təyinatlı polis tərəfindən döyüldüklərindən şikayətləniblər.
Qaynarinfo xəbər verir ki, Radio Ozodi-nin məlumatına görə, 100-dən çox insan xəsarət
alıb.
Zərərçəkmişlərin dediyinə görə, mayın 19-da səhər saatlarında FSB əməkdaşlarının müşayiəti ilə xüsusi təyinatlı polis tələbə yataqxanasına soxulub. Onlar müşahidə kameralarını söndürüb, bundan sonra tələbələri döyməyə başlayıblar.
"Əməkdaşlar maska taxmışdılar, tapança və elektroşokerlə silahlanmışdılar, əllərində kastetə bənzər barmaqlarında xüsusi əlavələr olan taktiki əlcəklər var idi. Nə üçün döyüldüyünü soruşan hər kəs əlavə zərbə alırdı. Bu yataqxanada başqa millətlərdən olan tələbələr də olub, ancaq Tacikistan vətəndaşları döyülüb”, – tələbələrdən biri jurnalistlərə bildirib.
Döyüldükdən sonra zərərçəkmişlərdən sənədlər və telefonlar götürülüb, yalnız ertəsi gün geri qaytarılıb, bir neçə nəfər isə dindirilmək üçün aparılıb. Təxminən 15 nəfər ağır yaralanıb, bəzilərinin əməliyyata ehtiyacı var. Tələbələr yataqxana rəhbərliyinə müraciət etsələr də, onlara heç nə edə bilməyəcəkləri bildirilib. Tacikistanın Rusiyadakı səfirliyi də zərərçəkmişlərin müraciətinə cavab verməyib.
Radio Ozodi qeyd edir ki, son bir həftə ərzində redaksiyaya Rusiyanın müxtəlif regionlarında taciklərə qarşı basqınları əks etdirən onlarla video daxil olub.
Nizami Bağırov