"ABŞ öz vətəndaşlarına Rusiyanı tərk etməyi məsləhət görübsə, deməli, onların əlində hansısa ciddi bir dəlil var”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə ABŞ-ın Moskvadakı səfirliyinin öz ölkəsinin vətəndaşlarına Rusiyada terror təhlükəsi barədə xəbərdarlıq etməsinə münasibət bildirərkən deyib. Onun fikrincə, Rusiyada terror hadisələrinin olması ehtimalı istisna edə bilməz:
"Əl-Qaidə” tarixdə qalıb, İŞİD darmadağın edilib. Böyük dövlətlərin müxtəlif vasitələr, fərdlər və təşkilatların əlilə terror təşkil etməsiə gəlincə, bu, adi haldır. Rusiya və ABŞ-ın hər birinin ayrı-ayrılıqda müdafiə etdiyi və maliyyələşdirdiyi terror təşkilatları var. Odur ki, belə hadisələrə soyuqqanlı yanaşmaq lazımdır.
ABŞ hakimiyyəti vətəndaşlarına Rusiyanı tərk etməyi məsləhət görübsə, deməli onların əlində hansısa ciddi bir dəlil var. Onlar istəmir ki, ABŞ vətəndaşları Rusiyada gözlənilən zorakılıq hadisələrinin qurbanı olsun. Rusiyanın ittihamları isə adətən, "özün axmaqsan” məntiqinə uyğun gəlir. Rusiyada terror hadisələrinin olması ehtimalını heç kim istisna edə bilməz. Bu ölkədə çoxsaylı terror hadisələri baş verib. Bu terrorların bəzilərində hökumətin öz əli olub, bəzilərində də müxtəlif terrorçu qrupların”.
Qeyd edək ki, ABŞ-ın Moskvadakı səfirliyi öz ölkəsinin vətəndaşlarına Rusiyada terror təhlükəsi barədə xəbərdarlıq edib. Bu barədə yayılan sənəddə səfirlik amerikalıların sonrakı həbsi üçün mümkün təqiblərə məruz qalması səbəbindən, qanunun özbaşına icrası, eləcə də səfirliyin Rusiyada ABŞ vətəndaşlarına yardım göstərmək imkanlarının məhdudluğu və terror ehtimalına görə ölkə vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb.
Rüfət Sultan