Xəbər lenti

Rusiyalı deputat "daxili düşmənlər" üçün ölüm cəzasının qaytarılmasını təklif etdi
Dünya10:38 11.12.2023

Rusiyalı deputat "daxili düşmənlər" üçün ölüm cəzasının qaytarılmasını təklif etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü, general-leytenant Andrey Qurulyov "Rossiya 1” telekanalında yayımlanan "Vladimir Solovyovla bazar axşamı” verilişinin efirində "daxili düşmənlər”ə görə Rusiyaya ölüm cəzasının qaytarılmasının zəruriliyini bəyan edib. Erməniəsilli rejissor Karen Şahnazarov da ölkədə terror aktlarını törədənlərə qoyulan moratoriumun götürülməsinin tərəfdarı olduğunu bildirib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Agentstvo” yazır.
Qurulyov çıxışı zamanı dəmir yolunda baş verən təxribatlara diqqət çəkib. Onun sözlərinə görə, bu günə qədər dəmir yollarında yanğınlarla bağlı artıq 70-dən çox fakt var: "Bilirsinizmi ki, xoxollar (ukraynalılar nəzərdə tutulur-red.) internet vasitəsilə bunun üçün nə qədər ödəyir? 10-30 min rubl. Bu 10-30 minə görə əclaf tapılır, üzr istəyirəm, ona başqa ad qoymaq olmaz və işini görür".
Sonra o, "forma geyən həmkarları” ilə söhbətlərindən danışıb: "Deyirəm: kişilər necə edək?” Onlar: "Çox sadə, görün Belarus Respublikasında hər şey necə baş verir”. Orada birincisi ölüm hökmüdür. İkincisi, onlar dəmir yolunda yanğın törətmək istəyən iki nəfəri helə yerindəcə güllələdilər. Bunu çox da reklam etməsələr də, xəbər dərhal bütün Belarusa yayıldı. Belarusda dəmir yollarında yanğın halları artıq yoxdur. Problem həll olundu".
Qurulyovun sözlərinə reaksiya verən Solovyov "ən yaxşıların təcrübələrini mənimsəməyi” təklif edib. Qurulyovun sözlərinə görə, "söhbət etdiyi insanlar həqiqətən də bunu (qərarı) səbirsizliklə gözləyirlər”.
Rejissor Karen Şahnazarov da şou zamanı bildirib ki, müharibə dövründə terror aktlarını törədənlərə qarşı edamlara icazə verilir. Bu cür terror aktlarına misal olaraq o, Ali Radanın keçmiş deputatları İlya Kiva və Oleq Tsaryova qarşı sui-qəsd cəhdlərini, həmçinin dəmir yolu infrastrukturuna hücumların törədənlərini göstərib.
"Mən heç cür başa düşə bilmirəm ki, ölüm hökmünün heç bir əhəmiyyətinin olmadığına dair söhbətlər haradan yaranıb. Kişi arvadını məşuqu ilə görüb, ya məşuqunu, ya arvadını, ya hər ikisini, ya da özünü balta ilə vurub öldürməsi hallarında heç bir əhəmiyyəti yoxdur. Bu başa düşüləndir, emosiyadır. İnsanlar şüurlu şəkildə həm də maddi maraqla qərar qəbul etdikləri yerdə nəticənin nə olacağını şüurlu şəkildə ölçürlər. Fakt deyil ki, bu, problemi tamamilə həll edəcək, amma fikrimcə, bu, Rusiya ərazisində qatar vaqonlarını partlatmaq və ya insanları öldürmək niyyətində olanların sayını xeyli azaldacaq”, deyə rejissor bildirib. 
Xatırladaq ki, Rusiyada 1997-ci ildən ölüm hökmünə moratorium qoyulub. Ukraynanın işğalından sonra Rusiya hökumətinin nümayəndələri dəfələrlə onu geri qaytarmağa çağırıblar. 2022-ci ilin sonunda Dmitri Medvedev "diversantlar" üçün edamların qaytarılmasını təklif edib, çünki Böyük Vətən Müharibəsi illərində "heç kim diversantlarla əlləşmirdi", onlar "mühakimə olmadan" güllələnirdilər. 2023-cü ilin fevralında Dövlət Dumasının deputatı Andrey Kolesnikov "vətən xainləri” üçün ölüm hökmünün qaytarılmasından danışıb. 
Bununla belə, Konstitusiya Məhkəməsinin rəhbəri Valeri Zorkin 2022-ci ilin noyabrında bəyan edib ki, edamların qaytarılması yalnız Konstitusiyanın dəyişdirilməsindən sonra mümkündür. Prezidentin mətbuat katibi Dmitri Peskov apreldə aydınlıq gətirib ki, bu mövzu Kremldə müzakirə olunmur.
Nizami Bağırov