İtaliya hakimiyyəti "Uralkali"nin rəhbəri Dmitri Mazepini Avropa İttifaqının sanksiyaları ilə müsadirə olunmuş iki yaxtasının Sardiniyadan yoxa çıxmasından sonra axtarışa verib.
Qaynarinfo xəbər verir ki, ANSA-nın məlumatına görə, prokurorlar iş adamının maliyyə rezidenti olduğu Toskana kurort şəhəri Forte dei Marmidə qeydləri
araşdırır.
Şəhər meriyası artıq yaxtaların yoxa çıxması ilə bağlı Mazepinə qarşı cərimələr barədə xəbərdarlıq edib.
Hər ikisi "Aldabra” adlanan iki yaxta (iki fərqli ölkənin dəniz bayraqları altında) 2022-ci ilin yayında Sardiniyanın Olbia limanından yoxa çıxıb. Olbia Maliyyə Polisinin araşdırması nəticəsində məlum olub ki, dəyəri 700 min avro ilə 1 milyon avro arasında olan birinci yaxta iyun ayında Olbiadan ayrılaraq, Tunisin kiçik Bizerte limanına gəlib.
İkinci yaxta bir neçə həftə sonra Olbiadan ayrılaraq, əvvəlcə İtaliyanın şimalındakı Liquriya bölgəsindəki Savona limanına, oradan da Türkiyəyə yollanıb. Yaxtaların və onların sahibinin hazırda harada olduğu məlum deyil.
Yaxtaları "dost" ölkələrə bərələmək üçün Mazepin xarici şirkətin xidmətlərindən istifadə edib, o da öz növbəsində sardiniyalı kapitanı işə götürüb. Vasitəçi və kapitan 500 min avroya qədər cərimələnib. Mazepin də eyni cəza ilə üzləşə bilər.
Dondurulmuş Rusiya aktivləri arasında Mazepinin Sardiniyadakı villası da var. Mazepin "Rokki Ram” adlı villanı italyan iş adamı, "La Repubblica” qəzetinin keçmiş sahibi Karlo De Benedettidən alıb.
İtaliya polisi hesab edir ki, Mazepin hazırda Rusiyadadır. Bu, İtaliyada ilk belə haldır ki, ölkədəki aktivləri dondurulmuş rusiyalı Aİ sanksiyalarından yayına bilsin.
Dmitri Mazepin və onun oğlu - keçmiş "Formula 1" pilotu Nikita 2022-ci il martın 9-da "Rusiya Federasiyası hökumətini dəstəkləmək və ondan faydalanmaq və ya ona əhəmiyyətli gəlir mənbəyi təmin etmək” adı ilə Aİ-nin sanksiyalar siyahısına daxil edilib. Mazepin fevralın 24-də Rusiya prezidenti Vladimir Putinlə görüşdən sonra "qara siyahı”ya düşüb.
Nizami Bağırov