Dünya 17:10 31.03.2023

“Rusiyanı təcili tərk edin” çağırışı nəyə hesablanıb?

"Rusiya xarici vətəndaşlar üçün təhlükəsiz ölkə deyil. Belə bəyanatlar da məhz bu amillə bağlıdır”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri ABŞ dövlət katibi Entoni Blinkenin öz ölkəsinin vətəndaşlarını dərhal Rusiyadan çıxmağa çağırmasına münasibət bildirərkən deyib.

Politoloq bildirib ki, Blinken belə bir müraciət etməsi mümkün təxribatların qarşısını almağa yönəlib:


 
"İstənilən zaman təzyiq xarakteri olaraq Moskva ölkəsində olan ABŞ vətəndaşlarını şərləyərək həbs edə və bundan Vaşinqton əleyhinə istifadə edə bilər. İranda illərboyu belə halları müşahidə etmişik. Blinken belə bir müraciət etməsi mümkün təxribatların qarşısını almağa yönəlib. 

ABŞ-da fəaliyyət göstərən media orqanının bir jurnalisti dünən Moskvada həbs edildi. Rusiya rəsmilərinin bəyanatlarına inanmaq olmur. Çünki Rusiya və İran kimi dövlətlər yalanı institutlaşdırmış dövlətlərdir”. 

Qeyd edək ki, ABŞ dövlət katibi Antoni Blinken Rusiyada olan ABŞ vətəndaşlarını dərhal bu ölkəni tərk etməyə çağırıb. 

Rüfət Sultan